• 22 Sentyabr 2020
logo
Ekspert: Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir

Ekspert: Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir

Ermənistanda sənaye axıntılarının çaylara axıdılması Azərbaycanda ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, tibb elmləri doktoru, professor Müslüm Qurbanov bildirib.

Onun sözlərinə görə, ağır metalların əsas mənbəyi mədən sənayesidir və onlar Ermənistan ərazisində yerləşən bu tip müəssisələrdən axıntı suları vasitəsilə çaylara axıdılır. Nəticədə isə bu ağır metallar transsərhəd çayları vasitəsilə Azərbaycan ərazisindəki çaylara qarışaraq burada müşahidə olunur.

M.Qurbanov bildirib ki, Azərbaycana transsərhəd çayları vasitəsilə daxil olan və müxtəlif məqsədlər, o cümlədən əhali tərəfindən içmək üçün istifadə edilən çay sularının keyfiyyəti, kimyəvi və radioaktiv çirklənmə vəziyyəti haqqında bir sıra elmi-tədqiqat institutlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin uyğun bölmələrində tədqiqat işləri aparılır.
Ekspertin sözlərinə görə, ağır metallar çay mühitində uzun məsafə boyunca yayılaraq içməli suyun tərkibində insan orqanizminə daxil olur və ciddi toksiki effektlər yaradır. Orqanizmdə bioakkumuliasiya xassəsi olduğundan bu amil hətta sonrakı nəsillər üçün də ciddi təhlükə mənbəyi hesab edilir. Ağır metallar uzun illər ərzində dib çöküntülərində toplanaraq su mühitində yaşayan canlılara mənfi ekoloji təsir göstərməkdədir.

M.Qurbanov qeyd edib ki, bundan əlavə, Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının zəif aktivliyə malik radioaktiv tullantıları da şüalanma mənbəyidir. Bu tullantılar toksiki xassəli olduğundan onların təsiri adi ağır metalların təsirindən daha güclüdür. Bu radioaktiv axıntılar su mühitinə qarışdıqda çaylarda toplanan ağır metallarla birlikdə mənfi təsirlərin daha da güclənməsi baş verə bilər.