• 29 Sentyabr 2020
logo
İşgüzar insan...

İşgüzar insan...

Xəzər Aslanovun dövründə rayon ictimaiyyəti ilə Mahir Mirzəyevin arasında dərin bir uçurum yaranmışdı. Əslində, bu uçurum, necə deyərlər, “köhnə qvardiyaçıların” qərəzli layihəsi idi. Onlar Mahir Mirzəyevin YAP-ın rayon şöbəsinin sədri olmasını, RİH-də məsul vəzifə tutmasını həzm edə bilmirdilər. Haqqında şaiələr, lətifələr yaradıb, dövriyyəyə buraxırdılar. Əhali arasında onu pis adam kimi tanıtdırmağa çalışırdılar. Və xeyli adamı buna inandıra bilmişdilər də. İllər ötdü, Sevindik Hətəmovu rayona icra başçısı təyin etdilər. Onun gəlişi ilə Yardımlıda yeni bir ab-hava yarandı. Eləcə də “köhnə qvardiyaçılar” dünyasını dəyişdikcə, aramızda olanları ictimai işlərə cəlb olunduqca şaiələr səngiməyə başladı. Və açıq düşüncəli, iti zəkalı insanlar Mahir Mirzəyevin rayonumuz üçün nə qədər əhəmiyyətli bir məmur olduğunun fərqinə vardılar. Bəli, özündən öncə onun tutduğu postda işləmiş insanların heç biri Mahir Mirzəyev qədər bacarıqlı, işgüzar olmayıblar...

Amerikalı düşüncə tərzi ilə təhlil edəndə, onun iqtisadiyyatı dərindən bilən, hər hansı bir sərmayəni rayona cəlb etməyi bacaran səriştəli bir MENECER olduğunun şahidi olursan. Rusların gözəl bir deyimi var, ana dilimizə çevirəndə öz mahiyyətini itirir- Delovoy!
Mahir Mirzəyev sözün əsl mənasında “деловой” insandır. Rayonumuzun sosial-iqtisadi inkişafında xidmətləri var. Bir də ki, adamlara az yaxşılıq etməyib, yanına gələnlərə bacardığı səviyyədə əl tutub, kömək edib...

Ataların bir deyimi var: - “Bar verən ağaca daş atan çox olar.” Yardımlı həm ərazisinə və həm də əhalisinə görə kiçik rayonlardan biridir, demək olar ki, hamının bir-biri ilə qohumluq əlaqəsi var. Bəli, adam heç vaxt tanımadığı insana nə həsəd aparar, nə də ki, paxıllığını çəkər, amma tanıdığı insana heç zaman biganə qalmır. Qəlbi geniş, haradan gəlib, haraya gedəcəklərini dərk edənlər tanıdıqlarının uğurlarına sevindiyi kimi, dar düçüncəli, Allahı tanıyıb, dərk etməyənlər isə həzm edə bilmirlər...

Mahir Mirzəyevin məmurluq aqibəti necə olacaq, deyə bilmərəm. Amma yaxşı bilirəm ki, Allah ondan heç nəyi əsirgəməyib- mehriban ailəsi və tərbiyyəli, savadlı övladları, eyni zamanda iti zəkası, parlaq təfəkkürü var...

Sentyabrın 7-si Mahir Mirzəyevin 51 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və gözəl aqibət arzulayıram...

Elman Eldaroğlu

P.S. Mahir Mirzəyevə yarınmaq, ondan bəhrələnmək fikrim heç zaman olmayıb. Bir dəfə rəhbərlik etdiyim təşkilatın xeyriyyə fonduna ianə vermək istəyirdi, qəti şəkildə etiraz edib, dedim ki, götürə bilmərəm. Ona görə imtina etdim ki, bir məmur kimi nöqsanlarını qəzetimizdə tənqid edərkən heç bir eyham vura bilməsin. Amma adamın üstündə Allah var, Mahir Mirzəyevdən sonra o vəzifəni tutacaq məmurun necə deyərlər, onun ölənlərinə rəhmət oxutduracağını indidən görürəm...