• 24 Avqust 2019
logo
add image
Tovuz dağlarında qara zurna səsi- İKİNCİ YAZI - YUNUS OĞUZ YAZIR

Tovuz dağlarında qara zurna səsi- İKİNCİ YAZI - YUNUS OĞUZ YAZIR

Yunus Oğuz

İKİNCİ YAZI

Tovuz səfərimdən təəssüratlar

Birinci yazının linki burada: http://www.baymedia.az/news/incident/1892.html

...Tovuzlu dostlarım, başda təpədən dırnağa qədər milli ruhlu olan Arzu Nağıyevbilirdilər ki, buralara gələcəm. Zəng zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə təşəkkürümü bildirib, Qənirə xanımın "sərəncamında" olduğumuzu dedim. Ta neyləyə bilərik? Başqa cürə mümkün deyildi axı, oxucularla görüşə gəlmişik, özü də Qənirə xanımın təşəbbüsü ilə.
...XANIM ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi: Tovuzun füsunkar gözəlliyi ilə seçilən Əsrik meşəsinə yollanırıq. Yolda Qənirə xanım Tovuz və insanları haqqında şövqlə və fəxrlə danışır, hiss edirəm ki, buralı olmağı ilə qürurlanır. Amma telefon hər üç dəqiqədən bir "qışqırır". Arada öz-özümə deyirəm ki, Allah eləməsin telefon bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə xanım Tovuzdadır.
Bəhanə ilə yeməyə gəlib onunla görüşənlərin də şahidi olduq. Əvvəl şəkil çəkdirib, sonra da problemlərindən danışırlar. Onu gözaltı izləyirdim. İnsanları səbrlə, aramla dinləyir, hər kəsin dərdinə əlac etməyə calışırdı. Əsəbləşən görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə onun qəti barışmazlığını gördüm: biri övladının ön cəbhədən başqa yerə köçürülməsi xahiş ediləndə onun qəti cavabı sərt şillə kimi xahiş edənin üzünə çırpılırdı: "Nədi, sənin uşağın olmazsa, o biri ananın uşağı olmazsa, bəs bu sərhədləri kim qoruyacaq?" Düz də deyirdi. Halal olsun! İkincisi, təhsil, ali məktəbə qəbulla bağlı edilən xahişlərə qəti rədd cavabı verirdi... "Oxuyaydı, yüksək bal toplayaydı. Milləti cahillikdən yalnız oxumaq qurtara bilər!" Bu da onun sözləridir.
...Əsrik meşəsinin şırıltılı çay suyunun səsi altında özümüzü təbiətin içində əritmək, bir anlığa buranın gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də sayı-hesabı bilinməyən istirahət yerləridir. Tovuzdan və ətraf yerlərdən gələn qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi Ermənistan əraziləridir. Sevindirici haldir ki, tovuzlular bir qarış torpaq da ermənilərə verməyiblər. Eşq olsun tovuzlulara!
...Qənirə xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən, tarixdən, etnososial psixologiyadan, keçmişimizin və bunun gələcəyə daşıyacağı problemlərdən danışırıq. Çox hazırlıqlıdır. Hansı əngəldən söhbət edirsə, əvvəlcə onun skiletini qurur, sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini bildirir. Hiss edirəm ki, mənim və xanımımın belə söhbətlərə ehtiyacı olduğu kimi, onun da belə mənəvi mükamiləyə ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə çıxardırıq.
Söhbəti yaslarımız və toylarımızın üzərinə gətirəndə bizi düşüncələrimizdən və söhbətimizdən dağlara səs salan qara zurnanın və davulun səsi ayırdı. Daha danışmayıb diqqətimizi qara zurnaya kəsdik. Allah, burada nələr yoxmuş. Qara zurnanın səsi şəhərdə və tarixdə itmiş ruhunu özünə qaytarır. Sən musiqiyə qoşulub itmiş, çox zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa başlayırsan. Bu səs səni qəhrəmanlıq, müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz dünyaya aparır. Burada saflığının beşiyindəsən, törələr sənin başının üstündədir, heç kimin bu törələri pozmağa, ayaqlayıb keçməyə ixtiyarı yoxdur. Yazılmamış qanunların pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq edir ki, yolunu azmayasan, yatmayasan.
Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən ayrılaraq xanımların yanına qayıtdı. Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə xanım zarafatıma tovuzluların bir məsəli ilə cavab verdi. ...Xeyli güldük.
Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər də öz yerində. Öz-özümə sual verdim: "Niyə toylarımızı gəlib bu dağlarda etmirik? Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi kor etsin. Niyə hamımız şadlıq saraylarına qaçırıq?" Özüm də cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi istəmirik. Axı bunun üçün qonum-qonşu tökülürdü toy sahibinin evinə, bir ay öncədən hazırlıq gedirdi. İndi hər şeyi özün təkbaşına edirsən. Əvəzində isə doğmalıq, təmas, səmimiyyət, saflıq əlimizdən alınır". Heç bunu düşünmürük...
Musiqi sədası altında Tovuza otelə dönürük. Parkda gəzməyə imkan vermirlər. Yenə də fotosessiya.
...Yolda millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir, çox zaman da kimlərinsə problemini həll edir.
Gecə yarıdan keçib, başımız söhbətə necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv salırıq. İntellektual söhbətə çay süfrəsinin arxasında polis rəisi, səhəri gün isə tədbirdən sonra icra başçısı da qatılır...
Gecə yarısı bizdən sonra hara getdiyini səhər tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə dərd ovutmağa getmişdi. Bax belə. Tədbirdən çox yazmıram, çünki şəkillər və dərc olunan xəbərlər hər şeyi deyir.
Bircə onu deyim ki, tədbir möhtəşəm idi, həm insan axını, həm də Azərbaycanın ən qədim təhsil ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdəkeçirilməsi məclisə xüsusi rəng qatırdı. Hiss edirsən ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək həvəsi var, oxumaq onlar üçün gələcək deməkdir. Kaş bütün Azərbaycanda belə olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız da möhtəşəm oldu. Xalqın başa düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar danışmaq xalqla ziyalılar arasında körpü və doğmalıq yaradır və hamını dövlətə, vətənə, millətə daha sıx bağlayır. Çıxışımda dediyim kimi: "Tarix sevgi ölşüsüdür!"
Beləcə iki günlük səfərimiz başa çatdı...
P.S. Bu səfərə görə Qənirə xanıma, şəhər ictimaiyyətinə, icra başçısına təşəkkürümüzü bildiririk.

Bakı-Tovuz-Bakı
5 avqust 2019