• 13 Dekabr 2019
logo
add image
Tovuz dağlarında qara zurna səsi- YUNUS OĞUZ YAZIR

Tovuz dağlarında qara zurna səsi- YUNUS OĞUZ YAZIR

YUNUS OĞUZ
Tovuz səfərimdən təəssüratlar
BİRİNCİ YAZI

Millət vəkili Qənirə Paşayeva Tovuzun kitabsevərlərilə görüşə dəvət edəndə tərəddüd etmədən razılıq verdim. Yayın istisi məni və xanımımı qorxutmadı. Getməyə bilməzdik, çünki yazıçının oxucularla görüşü hər dəfə yeni bir stimuldur. Özü də bu stimulu Tovuz rayonunun cəfakeşi, əhalinin hər dərdinə-sərinə, sevincinə və kədərinə şərik olan Qənirə xanımla bir yerdə alacaqdıq. Əlimdə yazılarımın olmasına baxmayaraq, hamısını bir kənara qoyub avqustun 3-də xanımımla Tovuza yola düşdük. Xanım əfəndi bizdən bir qədər gec Bakıdan yola düşdü, amma hər saat zəngləşirdik. Hər dəfə suallar verirdi: "Hardasız, aç deyilsiz ki?" deyə ana kimi qayğımıza qalırdı. Hərdən mənə elə gəlirdi ki, sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan bu XANIM ƏFƏNDİ hər bir azərbaycanlının, hər bir türkün qayğısına qalmağa tələsir, düşünür ki, nə isə etməsə, kiməsə yardım (mənəvi və maddi) əlini uzatmasa fikirləri qarmaqarışıq olacaq, ürəyi təskinlik tapmayacaq, onsuz da az olan yuxusu da ərşə çəkiləcək. Onu lap çoxdan tanımağıma baxmayaraq səfər yoldaşlığı insanın yeni keyfiyyətlərini aşkarlayır, kəşf edir.
Telefonda cavab verdim ki, Gəncədə Şeyx Nizaminin məqbərəsini ziyarət edəcəm. Dedi ki, əhsən sizlərə! Gərəkdir ki, hər kəs Gəncəyə gələndə bu müqəddəs yeri ziyarət etsin. Məqbərəüstü gəzinti insanın aurasını dəyişir, düşüncələrə vadar edir, böyük ustadın əbədiliyini, bizimsə faniliyimizi bir daha düşüncələrimizdə bərqərar edir. Amma bizimlə ziyarətə yetişə bilmədi...
Maşınla yola düşdüyümüzdən yol boyu müşahidə etdiklərimi yazmaya bilmərəm. Yollarımız çox abadlaşıb, ətrafdakı torpaqlar becərilib, ilan mələyən çöllərə su kanalları çəkilib. Bir sözlə bəlkə on illərlə boş qalan torpaqlar canlandırılıb, vacib kənd təsərrüfatı obyektinə çevrilib. Bu vacibliyi ona görə vurğulayıram ki, qeyri-neft sektoru olan kənd təsərrüfatı dirçəlir. Bunu nazirə xoş gəlməsi üçün yazmıram, cənab nazirin görəcək işləri çoxdur, axsaq işlərimiz düzələn işlərimizdən çoxdur, amma buz yerindən tərpənib və bu dirçəliş (görəsən köhnə nazir hardadır?) göz görəsi hiss olunur.
Yolda polisə rast gəlməzsən. Bircə Kürdəmir-Ucar arası məsafədən başqa. Zalım uşaqları iyirmi beş il öncəsi kimi elə yerdə gizlənirlər ki, bir də görürsən ki, Ələddinin cini kimi qarşında zühur etdilər. Ümumilikdə isə gözəldir. Hər dörd-beş kilometrdən bir radar və sürət nişanları qoyublar. Qaydanı pozdun, cərimə evinə gələcək, yaxud telefonunda SMS görünəcək. Hə, arada nömrəsiz maşınlar 150-160-la şütüyürlər. Deyilənlərə görə belə maşınlarla razılaşıblar. Düzünü mən bilmirəm. İstənilən halda yollarımız şüşə kimidir. Amma bu nə qədər çəkəcək bilmirəm. Çünki yükçəkən maşınların məntəqələrində bir dənə də olsun maşın görmədik, baxmayaraq ki, Şağman və KAMazlar yollarda kifayət qədər idi.
Ucardan sonra Yevlaxda "Kür" qəzetinin baş redaktoru Əminə xanıma telefon açsam da telefonu bağlı idi. Ona kitab söz vermişdim. Yaydı, görünür, məzuniyyətdə olduğundan dağlara çəkilib.
Gəncəyə çatanda maşını birbaşa məqbərəyə sürdük. Məqbərəni və muzeyi ziyarət etdik. Oranın işçiləri bizi tanıdılar. Hələ bir gileylərini də etdilər ki, bəs ziyalılarımız rəsmi tədbirlər olmasa sizin kimi fərdi qaydada ziyarətə gəlmirlər. Gileyi qəbul etdim. "Keşmişi gələcəyə öturməyin bir yolu da budur. İnsanlarımız qaloş pirinə gedirlər, amma Şeyxin - dahi söz ustasının ziyarətinə gəlmirlər. Sözü anlamayan əşyanı özünə büt edəcək. Bu da nəticədə milləti ruhundan uzaqlaşıb bizi meşşana (əşyalara aludə) çevirəcək. Ondan sonra başımızı qapazaltı etmək heç də çətin olmayacaq". Bu fikirləri də özlüyümdə Şeyxin qəbri üstə söylədim.
"Şeyxin ərəblərlə qohumluğu varmı, uzaqdan-yaxından olan bir bilgi varmı?" Bələdçi bu sualıma gülümsündü və söylədi ki, yox. Söhbətin davamını mən etdim. Dedim: "Ona görə Şeyx Nizami deyirlər ki, o sözün və qəlblərin Şeyxidir". Bu fikirdən özümün də xoşum gəldi. Onlara da kitablar (əsasən də "Atabəy Eldəniz və "Nadir şah" romanlarını - çünki birincidə Şeyx Nizami obrazı, hər ikisində isə Gəncə təsviri vardı) hədiyyə edib yolumuza davam etdik.
Qoşa yol bitdi Gəncədən sonra, amma iş gedirdi və deyirdilər ki, ta Qırmızı Körpüyə qədər qoşa yol çəkiləcək və bunun da əyani şahidi olduq.
Şəmkirdə bizi başqa aləm gözləyirdi. Yol boyu istixanalar göz oxşayırdı, özü də sayı-hesabı yox idi. Şəmkirlilərə halal olsun! Çalışqandırlar. Nə deyirsən yetişdirib Rusiyaya göndərirlər. Burdakıları da, ordakıları da işlə təmin edirlər, dolandırırlar.
Gəlib Tovuza çatdıq. Şəhər təmizdi, insanları mehriban və səmimidirlər. Şəhərdə hamı bir-birini tanıyır deyə nabələd adam dərhal tanınır, xoş rəftarları ilə qonağı bir az da utandırırlar.
Qənirə xanım öncədən söyləmişdi ki, Tovuzda "Ayan" palasda qalacaqsınız. Gözəl, beş ulduzlu oteldir. Arxitekturası da möhtəşəmliyi, qədimliyi və duruşu ilə seçilir. Qiymətləri də Göy-Göl turist marşrutları üstündə olan otellərdən iki dəfə ucuzdur, xidmət keyfiyyəti də iki dəfə artıqdır. Burda hiss edirsən ki, sənə qonaq kimi yanaşırlar, cibi dolu olan pullu adam kimi yox. Hətta xanımım İstanbul və Tovuz otellərini müqayisə etdi. İkisi də eynidir. Biri dünyanın böyük meqapolisi, o birisi isə Azərbaycanda əyalət şəhəri, amma fərq yoxdur. Ölkəmiz beləcə göz görə-görə dəyişir. Otelin qarşısında isə Heydər Əliyev parkı göz oxşayır. Təmiz və səliqəli bir park. Axşam olan kimi bura adamla dolu olur. Parkın içində göl və orada süni bir ada salınıb. Tovuzluların bura istirahət etmək üçün sevimli yeridir. İnsanların üzlərinə tez-tez baxıram. Aqressivlik hiss etmirəm. Gündəlik qayğılarının biri də, bəlkə bura gəlməkdir ki, qayğı istirahətə çevrilsin.
Heç otelə yerləşməmiş Qənirə xanımdan zəng gəldi. Dabanbasma özünü yetirmişdi...