Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, qanun hamı üçün alidir, hər kəs qanun qarşısında bərabərdir, buna əməl etməlidir.
Bu sözləri BayMedia-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Emin Həsənli qeyd edib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, tutduğu vəzifəsindən, mövqeyindən, keçmiş xidmətlərindən asılı olmayaraq, heç kəsə güzəşt edilməyəcək: "Məmurlar, onların övladları dövlətin qanunlarına hörmət etməli, sadə və təvazökar həyat tərzi keçirməlidirlər. Karantin qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur, birinci növbədə hər kəs, ailəsinin sağlamlığının qorunması üçündür. Ölkənin qayda, qanunlarına birinci dövlət məmurları, övladları, yaxınları əməl etməlidir. Elmi statusundan, akademik olmağından, başqa dövlət vəzifəsi daşımağından asılı olmayraq istənilən şəxs nümunə olmalıdır ki, digər vətəndaşlar da qanunlara daha çox əməl etsinlər". Emin Həsənli bildirib ki, bir neçə gün öncə Novxanıda toyun keçirilməsi, akademik Ramiz Mehdiyevin nəvəsi, sabiq deputat İlham Əliyevin övladının toy məclisi cəmiyyətdə geniş müzakirə olunur, vətəndaşlarımız haqlı olaraq baş verənlərlə etiraz edirlər: "Hər kəs qanun aliliyinə hörmət etməlidir. Toy məclisindən sonra təşkilatçılar olan hər iki qudaya Abşeron rayon məhkəməsi tərəfindən 15 sutkalıq cəza verilməsi tam ədalətlidir. Bu bir daha onu göstərir ki, Azərbaycan hüquqi dövlətdir, bundan əvvəl də belə hallarda heç bir məmura güzəşt edilməmişdi və bu gündən sonra da edilməyəcək. Bu qərar vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilib. Biz əgər ölkəmizin inkişafını istəyiriksə, hər birimiz, xüsusilə dövlət, ictimai, siyasi vəzifə tutan adamlar bu qaydalara daha çox əməl etməlidir. Bu çür hərəkət edən insanlar qanun qarşısında cavab verməlidir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan qanunlarının təminatçısı kimi hər zaman öz fikrini deyib və biz vətəndaşlar da ona riayət etməliyik. Təəssüf doğuran odur ki, bəzi vətəndaşlar hələ də qanunlarımıza əməl etmir. Bəzən bu elm, mədəniyyət, siyasət, ictimai xadimlər və onların övladları tərəfindən ediləndə cəmiyyətdə çox təəssüf hissi doğurur. Hamımız qanun qarşısında bərabərlik".