• 24 Oktyabr 2021
logo
“Hökumətimizin verdiyi qərarı düzgün qiymətləndirməliyik”

“Hökumətimizin verdiyi qərarı düzgün qiymətləndirməliyik”

Sabah Məhərrəmlik ayı başlayır, avqustun 30-da isə Aşuradır. Hər il yüz minlərlə müsəlman dini ibadət yerlərində dini ayinləri yerinə yetirir, Kərbəla şəhidlərini anır, Məhərrəmliyin fəziləti və dəyərindən danışır.
Bu il koronavirusun dünyanı təhlükə ilə üz-üzə qoyması nəticəsində islamın vacib şərtlərindən biri olan Həcc ziyarətini belə dayandırılıb. Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur.
Politoloq Ramiz Alıyev xalqcebhesi.az-a bildirib ki, xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir: “Azərbaycan COVİD 19-la uğurla mübarizə aparıb. Dünya bizim virusla mübarizəmizin effektivliyindən, əldə etdiyi müsbət nəticəsindən danışır. Hökumətimiz bütün tədbirlər həyata keçirir ki, əhalimiz sağlam qalsın, yoluxma və ölüm sayı azalsın. Həm dünyada, həm də ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər belə təxirə salınıb. Bu gün Məhərrəmlik və Aşuranın məscidlərdə qeyd olunmaması ilə bağlı hökumətimizin verdiyi qərarı da düzgün qiymətləndirməliyik. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar. Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər”.
Politoloq onu da vurğulayı ki, Müqəddəs İslam dinimiz, Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür: “Kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Belə təhlükələrdən uzaq durmalıyıq. Təbii ki, bu müvəqqəti xarakter daşıyır. Koronavirus kabusu dünyadan çəkildikdən sonra, həyat ənənəvi formada davam edəcək. Həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini tədbirlərini növbəti illərdə davam etdirəcək”.
Cavid