• 16 Oktyabr 2021
logo
“The Jerusalem Post” qəzeti Azərbaycanın nümunəvi tolerantlıq və açıq cəmiyyət nümunəsi olmasından yazıb

“The Jerusalem Post” qəzeti Azərbaycanın nümunəvi tolerantlıq və açıq cəmiyyət nümunəsi olmasından yazıb

Avqustun 15-də nüfuzlu “The Jerusalem Post” mətbu orqanında jurnalist Maayan Hofmanın “Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə: İsraillə sülhdən faydalanmağın dörd yolu adlı” məqaləsi dərc edilib (Azerbaijan to UAE: Four ways you will benefit from peace with Israel).

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, məqalədə ABŞ və Yaxın Şərq ictimaiyyətinin diqqət mərkəzində olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə əlaqələri normallaşdırmasına dair qərarından bəhs olunur və bununla əlaqədar Azərbaycanın örnək olduğu məsələlərə diqqət yetirilir.

26 ildən sonra yəhudi və müsəlman dövləti arasında ilk sülh müqaviləsi olacaq bu “normallaşmanın” əhəmiyyəti qeyd olunur və digər müsəlman dövləti Azərbaycanla 1992-ci ildən bəri davam edən tərəfdaşlıq münasibətlərinə nəzər salınır.
Bu xüsusda İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Twitter” şəbəkəsində İsraillə BƏƏ yaxınlaşması kontekstindəki paylaşımına diqqət yönəldən jurnalist onun “Azərbaycanın 30 ilə yaxındır ki, İsraillə dostluq və tərəfdaşlıq münasibələtləri digər müsəlman ölkələrinə nümunədir” sözlərini sitat gətirir.

Eyni zamanda ABŞ-da yerləşən Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru, tanınmış analitik Mark Dubovitz məsələ ilə bağlı Twitter paylaşımında qeyd etmişdir ki, “İsraillə dostluqda öndə gedən Azərbaycan öz açıq münasibətləri ilə İsrailin müsəlman aləmində qəbul edilməsinə böyük töhvə verib”.

O cümlədən ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerdən sitat gətirilərək, qeyd olunur: “Azərbaycan dünyadakı 57 müsəlman ölkəsindən İsrailə ən çox dəstək verən dövlətdir və yəhudi icmasına qarşı buradakı kimi heç bir yerdə hörmətlə davranılmır. Azərbaycan nümunəsi geniş müsəlman dünyasına İsraillə güclü əlaqələrin ABŞ Konqresinin hörmət və dəstəyi ilə nəticələndiyi mesajını verir.”

Eyni zamanda məqalədə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibəyə istinadlar verilir. Səfir qeyd edir ki, İsrail texnologiya, kənd təsərrüfatı, telekommunikasiya və müdafiə sahəsində Azərbaycanın əvəzedilməz tərəfdaşıdır. Azərbaycanın İsraillə yaxın münasibətləri ABŞ Konqresinə də təsirsiz ötüşməmiş, öz müsbət nəticələrini göstərib.

E.Süleymanova istinadən bildirilir ki, Azərbaycan hökuməti ölkə ərazisindəki yəhudi icmasının dini fəaliyyətini dəstəkləyir, buradakı köhnə sinaqoqlar bərpa olunmuş, yeniləri inşa edilmişdir. Azərbaycan tolerant, açıq cəmiyyəti olan ölkədir və bunun faydalarını görməkdədir. İsraillə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasında insanlar arasındakı əlaqələr böyük önəm daşıyır. Uzun illər ərzində xalqlarımız arasında dostluq və inam formalaşıb. Bu səbəbdən də münasibətlərin bünövrəsini məhz insanlar təşkil edir. ABŞ, Azərbaycan və İsrailin yəhudi və müsəlman icmaları bu münasibətlərə töhvə verənlərdir.Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahəsində də geniş əlaqələr mövcuddur.

Məqalənin tam mətni ilə https://www.jpost.com/middle-east/azerbaijan-to-uae-four-ways-you-will-benefit-from-peace-with-israel-638759 internet səhifəsindən tanış olmaq mümkündür.