• 19 Aprel 2024
logo
"Hər bir qələbəmizlə Azərbaycanın adını uca etmək üçün çalışırıq"

"Hər bir qələbəmizlə Azərbaycanın adını uca etmək üçün çalışırıq"

Mais İbadov: "Hər birimiz azərbaycançılıq ideyası uğurunda birləşməli və fəaliyyət göstərməliyik"

Xaricdəki bir çox idmançılarımız da öz qazandıqları uğurlarla Azərbaycanı tanıdır və azərbaycançılığı təbliğ edirlər. Bu mövzuda Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, 3 qat dünya çempionu, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadovun "Xalq cəbhəsi" qəzetinə açıqlmasını təqdim edirik.
Xatırladaq ki, Mais İbadov 1974-cü ildə Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil alıb. Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. SSRİ-nin idman ustası olub. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. 1994-cü ildən Özbəkistanda yaşayır. Professional səviyyəli yarışlarda Özbəkistan Respublikasının şərəfini qoruyub. Özbəkistan, Asiya və dünya çempionu olub (2012, 2013-cü illərdə). 2001-2004-cü illərdə Özbəkistanın Polis Akademiyasında təhsil alıb. Hazırda veteranlardan ibarət yığma komandada iştirak edir. İdmanla yanaşı, diaspor sahəsində də aktiv fəaliyyət göstərir.
Azərbaycanı xaricdə tanıtmağı özünə milli vəzifə bilən Mais İbadov deyib ki, bu, onun azərbaycançılıq işidir: "Mən saysız idman yarışlarında iştirak etmişəm. Hər dəfə qalibiyyət kürsüsünə çıxan zaman Azərbaycanın adı çəkiləndə qürur hiss keçirirəm. Düşünürəm ki, azərbaycançılıq bizim milli mənliyimizdir. Azərbaycana və azərbaycançılığa bağlılıq fərdi məsələdir. Hər kəs öz sahəsində azərbaycançılıq ideyasını təbliğ etməlidir. Biz də hər bir uğurumuz, qələbəmizlə Azərbaycanın adını uca etmək və azərbaycançılığı yaşatmaq üçün çalışırıq. Ulu öndər Heydər Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdi ki, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Fikrimcə, hər birimiz ulu öndərin tapşırıq və tövsiyələrini əsas tutaraq azərbaycançılıq ideyası uğurunda birləşməli və fəaliyyət göstərməliyik. Sevindirici haldır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərində azərbaycançılıq nümunələrini də görürük. Bu da bizlər üçün bir örnəkdir".
Mais İbadov bildirib ki, Özbəkistan dövləti tərəfindən azərbaycanlılar üçün hər cür şərait yaradılıb: "Özbək və Azərbaycan xalqlarının dostluğu əbədidir. Biz Özbəkistan dövlətindən və xalqından çox razıyıq. Yəni bizə burada hər bir şərait var. Belə bir şəraitdə çalışıb Azərbaycanın adını uca etmək lazımdır. Bunun üçün öncə azərbaycançılığı qorumalıyıq. Azərbaycanlıların Özbəkistanda bir araya gəlməsində azərbaycançılıq ideyası vacib amildir".
Mais İbadov deyib ki, Özbəkistanda müxtəlif sahələrdə çalışan gənclərimiz çoxdur: "Xüsusən gənclərimiz öz talantları ilə seçilirlər. Özbəkistanda potensial gənclərimiz var. Hətta burada olimpiya çempionu olacaq gənclərimiz var. Onlardan biri elə mənim müəllimim Mehdi Hüseynovun oğlu Əmrah Hüseynzadədir. O, 14 yaşı olmasına baxmayaraq, 20-dən çox medal qazanıb.
Onu da deyim ki, səfirlik tərəfindən gənclərə bütün lazımi köməklik göstərilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də gənclərimizin, ümumiyyətlə soydaşlarımızın həmrəyliyində və təşkilatlanmasında əhəmiyyətli rol oynayır. Burada həmvətənlərimizə azərbaycancılığın təbliği ilə də bağlı müxtəlif tədbirlər keçirilir".

Əli