• 28 Sentyabr 2020
logo
Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”

Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində dərc olunan “Monterey Herald” mətbu orqanında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun “Qonaq şərhi: Nifrət zəminində cinayətlərə yer yoxdur” adlı məqaləsi dərc edilib. Monterey və Lənkəran şəhərləri qardaşlaşmış şəhərlərdir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, məqalədə 2020-ci ilin 21 iyul tarixində Los-Anceles şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun qarşısında keçirilən etiraz aksiyası zamanı azərbaycanlılara qarşı etnik zorakılığın törədilməsinin Kaliforniya ştatının müsbət imicinə xələl gətirməsindən bəhs olunur.

Kaliforniya ştatının asayişinə kölgə salan bu hadisə zamanı 3 minə yaxın erməninin azsaylı azərbaycanlı qrupa qarşı hücuma keçməsi, nəticədə yaralananların və xəstəxanaya yerləşdirilənlərin olması qeyd edilir. Yaralananlar arasında Los-Anceles polisinin nümayəndəsinin də olması bildirilir. Hazırda Los-Anceles polisinin hadisəylə bağlı nifrət zəminində cinayət araşdırmasına başlaması, Ermənistan və Azərbaycandakı ABŞ səfirliklərinin, Amerika Yəhudi Komitəsi də daxil olmaqla bir sıra aparıcı yəhudi təşkilatlarının bu zorakılığı pisləyən bəyanatlar verməsi qeyd olunur.

Səfir bu etiraz aksiyalarına Ermənistanın iyul ayında Azərbaycanla sərhəddə hücuma keçməsinin səbəb olduğunu bildirərək, təxribat nəticəsində 12 nəfərin həyatını itirdiyini, Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan enerji infrastruktur layihələrinə təhlükə yaranmasından bəhs edir. O bildirir ki, son qarşıdurma 30 ilə yaxındır ki, həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin geniş Avrasiya regionunda sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu bir daha xatırladıb. Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə həyata keçirilən vasitəçilik səylərinə baxmayaraq, Azərbaycanın 20 faiz ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Bir müddət Los-Ancelesdə Azərbaycanın ilk baş konsulu kimi xidmət göstərdiyini qeyd edən E.Süleymanov bu zorakılıq hadisəsini izləməyin xüsusilə ağrılı olduğunu və Kaliforniyanın müxtəliflik və qonaqpərvər ruhuna zidd olduğunu bildirir. O, bu ştatda yerləşən Monterey şəhərinin qardaşlaşmış Lənkəran şəhəri ilə sıx əməkdaşlığının olduğunu vurğulayır və Kaliforniyada çoxsaylı dostların hər zaman açıq düşüncəli olduğunu diqqətə çatdırır. Məhz bu səbəbdən etnik zorakılıq aksiyalarının baş verməsi və Los-Anceles polis departamentinin azərbaycanlı etirazçıları müdafiə edə bilməməsi gözlənilməz olub. Erməni amerikalıların bu nifrət zəminində cinayətlərə qarşı olduğuna ümid edən səfir onları da yəhudi amerikalı qruplara qoşularaq, azərbaycanlılara qarşı zorakılıq və təhdidləri pisləməyə çağırıb.

Kaliforniyada baş verən cinayətin Ermənistan və xaricdə yaşayan erməni icmasının uzunmüddətli ekstremist ideoloji təsirlər, siyasi zorakılıq və nasistlərlə əməkdaşlıq fonunda baş verdiyini qeyd edən səfir hələ 1980-ci illərdə türk diplomatlarının Los-Ancelesdə erməni terrorçuları tərəfindən qətlə yetirilməsini və Avropadakı bir sıra Azərbaycan səfirliklərinin hücuma məruz qalmasını xatırladır. Qonşularla mütəmadi münaqişələr və Azərbaycan torpaqlarını işğal altında saxlamaq bu ölkənin öz gələcəyini təhlükə altına qoyduğu kimi, erməni radikal siyasi qrupların fəaliyyəti də erməni əsilli amerikalılara ziyan vurur, Ermənistana isə nə sülh, nə də rifah vəd edir.

E.Süleymanov son aylarda ABŞ-da irqi ayrıseçkilik və bərabərliklə bağlı mövzuların ABŞ cəmiyyətinin diqqət mərkəzində olmasını, gərgin müzakirə və fikir ayrılığına səbəb olduğunu qeyd edərək, antisemitizm, islamafobiya və bütün bu kimi yanaşmaların insanlar üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edir. Aydındır ki, nifrət zəminində olan cinayətlər yalnız konkret qurbanlara deyil, bütün cəmiyyətə təsir göstərir. Məhz buna görə də bütün kaliforniyalılar, o cümlədən azərbaycanlı və erməni icmaların bu məsələyə münasibət bildirməsi və öz seçilmiş nümayəndələrini nifrət zəminində cinayətləri rədd etmək və gələcəkdə bu kimi halların qarşısını almaq üçün ədalətli şəkildə cəzalandırılmasına çağırması vacibdir.