• 20 Aprel 2024
logo
Çimərlik həsrəti sona çatdı - FOTOREPORTAJ

Çimərlik həsrəti sona çatdı - FOTOREPORTAJ

...Deyəsən bir neçə gün öncə kimlərsə çimərliklərin açılmasının, artıq heç bir əhəmiyyət kəsb etmədiyini deyirdilər. Havalar soyuyur, Günəşin hərarəti azalır, nə bilim, külək əsəcək, yağış yağacaq, tufan qopacaq... Nə oldu?
...Bu gün Bakı şəhərindəki, bütün çimərlikləri bir-bir gəzdik, iynə atsan yerə düşməzdi. Çimərliklərə doğru üz tutanların avtomobillərinin ardı-arası kəsilmirdi. Bütün yollarda avtomobil sıxlığı müşahidə olunurdu. Günün altında tər yökən polis əməkdaşları, ASAN könüllüləri sıxlıq yaranmasın deyə, öz işlərinə bir an belə fasilə verə bilmirdilər. Ümid edirəm, istirahətə gələnlər – onların arasında sosial şəbəkələrdə çimərliklərin açılmasına rəngli-rəngsiz don geyindirənlər, məsxərəyə qoyanlar, istənilən qərardan xroniki narazılıqlarını ifadə etmək üçün yararlananlar, “kreativ” görünməyə çalışanlar da yox deyildi – gözucu da olsa polis əməkdaşlarına, ASAN könüllülərinə, təcili tibbi yardım və xilasetmə xidmətlərinin əməkdaşlarına nəzər salıb azacıq, lap iynə ucu böyüklükdə də olsa utana, tər tökə bildilər.
...Etiraf edim, polis əməkdaşlarının və istirahətə gələnlərin təhlükəsizliyini təmin edən digər qurumlarının təmsilçilərinin, ASAN könüllülərinin səbrinə heyran qaldım. Qızmar yay Günəşi altında, kölgələnmək üçün heç bir vasitə olmadan dayanmaq, hərəkət etmək, istirahətə gələnləri səbrlə qaydalara əməl etməyə çağırmaq, təbliğat aparmaq və bəzən əssassız qınaq qarşısında belə gülümsəmək, mart ayından başlayaraq hər gün az qala yüz dəfə eşitdiklərimizi - COVİD-19-a yoluxma təhlükəsindən qorunmanın vacibliyini təkrar-təkrar xatırlatmaq hər kəsin bacaracağı, öhdəsindən gələ biləcəyi bir iş deyil, şübhəsiz.
Qeyd edək ki, çimərliklərdə insanların təhlükəsiz istirahəti üçün bütün imkanlar yaradılıb. Nəzarətçilər, xidmət pesonalı tərəfindən sanitariya-gigiyena qaydalarına ciddi əməl edilir. Amma təəssüf ki, eyni sözləri istirahətə gələnlərin bir qismi haqqında deməm mümkün deyil. Adi günlərdə, elə bu günlərin özü qədər adi qaydalara əməl etməyənlər eyni davranışları çimərliklərdə də sərgiləməkdə davam edirdilər. Hələ çimərlik geyimində dəstə-dəstə ətraf ərazilərə, yollara səpələnən, yaşayış evlərinin, alış-veriş yerlərinin yaxınlığında əzələlərini sağa-sola nümayiş etdirənləri demirəm. Sanki pandemiya başlayandan paltardan çıxmayıblar, yatağa da üst geyimləriylə giriblər deyə, “azadlığın” dadını çıxarırdılar.
Amma qaydalara əməl edənlər çoxluq təşkil edir. Bu çoxluq da sosial məsafənin gözlənilməsi, qaydalara əməl edilməsi üçün maksimum diqqətli, məsuliyyətli davranmağa çalışırlar.
Çimərlik ərazisində xüsusi maarifləndirici lövhələr qoyulması, sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlərin xüsusi nişanlarla ayrılması da istirahətə gələn vətəndaşların qaydalara əməl etməsinə öz müsbət təsirini göstərir. Hər halda ümid edək ki, qaydalara əməl edilməsi, təkcə çimərliklərdə deyil, hər yerdə gündəliş davranış qaydalarının tərkib hissəsinə çevriləcək və biz gözlənildiyindən daha tez bir zamanda virusa qalib gəldiyimizi elan edəcəyik.

Nüşabə Fətullayeva
Baymedia.az