• 8 Avqust 2020
logo
Respublika Veteranlar Təşkilatı beynəlxalq qurumları Ermənistanın təxribatlarına hüquqi qiymət verməyə çağırır

Respublika Veteranlar Təşkilatı beynəlxalq qurumları Ermənistanın təxribatlarına hüquqi qiymət verməyə çağırır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi növbəti təcavüz aktına görə işğalçı ölkə rəhbərliyini sərt şəkildə qınamağa çağırıb.

Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması dünyada sülhə və əmin-amanlığa növbəti təhdiddir. Son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması hərbi qulluqçularımızın ölümünə və yaralanmasına səbəb olub. Eyni zamanda, Ermənistan məkrli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən kəndlərin dinc əhalisini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub. Nəticədə dinc sakinlər arasında da həlak olan və yaralananlar var. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib.

Təəssüf hissi ilə bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrı-seçkilikdir.

Azərbaycan Respublikası tolerant və multikultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbir və qətiyyətlə yanaşıb. Ərazisi işğal altında olan və erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirib, münaqişənin dinc yolla həllinə çalışıb. Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə edib.

“Biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.