• 16 Aprel 2024
logo
"Gürcüstanda yaşayan azərbaycanlılar Ali Baş Komandanın əmrini gözləyirlər"

"Gürcüstanda yaşayan azərbaycanlılar Ali Baş Komandanın əmrini gözləyirlər"

Bunu Baymedia.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov dünən Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmaya münasibətində açıqlayıb.

A.Süleymanov bildirib ki, Gürcüstanın da Azərbaycan kimi ərazi bütövlüyü pozulub, işğala məruz qalıb. Hər iki müstəqil ölkə öz ərazi bütövlüyü uğrunda şəhid verib və beynəlxalq hüquq prinsipləri çərçivəsində ərazi bütövlüyünün bərpasına çalışır: "Gürcüstan Rusiyanın, Azərbaycan isə Ermənistanın işğalına məruz qalıb. Ermənilər Gürcüstan ərazilərinin - Cənubi Osetiya və Abxaziyanın ruslar tərəfindən işağılnda az rol oynamayıblar. Baqramyanın batalyonunun "fədəkar"lığını buna misal çəkmək olar. "Baqramyan adına batalyon”unun törətdiyi vəhşilikləri Gürcüstan ictimaiyyəti yaxşı xatırlayır. Bondo Arveladze və Teymuraz Mibçuani 2009-cu ildə nəşr olunan "Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi” adlı kitabda erməni vəhşiliklərini şahidlərin dili ilə ətraflı göstəriblər. Təxminən 2000 nəfərlik bu batalyonun üzvləri Abxaziya ərazisində 7 min nəfərə yaxın gürcünü vəhşiliklə öldürüb. Bu da bir faktdır ki, batalyonun fəal başkəsənləri Abxaziyadan əvvəl Dağlıq Qarabağda azərbaycanlılara qarşı qəddarlıqlar törətməkdə "zəngin'' təcrübə toplayıblar. Ermənilərin Gürcüstanın ərazi bütövlüyünə xəyanətinin nəticəsidir ki, 7 erməni döyüşçü qondarma Abxaziyanın "Milli qəhrəmanı'', 20 döyüşçü "Leon'' ordeni , 100-dən çox döyüşçü isə "İgidliyə görə'' medalı ilə təltif edilib. Elə Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı alayının işğalçı ermənilərə dəstəyi də tarixə yazılıb. Hər iki müstəqil ölkə işğaldan əziyyət çəkir və nə ruslar, nə də ermənilər münaqişənin sülh yolu ilə həllində maraqlı görünmürlər".

A.Süleymanov onu da qeyd edib ki, Gürcüstanda yaşayan 500 min azərbaycanlı Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsinə hazırırdır: "Gürcüstanda yaşasaq da, ürəyiumiz Azərbaycanladır. Biz vətənimizin bir qarış torpağının belə erməni işğalçılarının əlində qalmasına razı ola bilmərik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir və onun əmrini gözləyirik. Bir sözlə, vətən uğrunda ölməyə hazırıq. Gürcüstan da, Azərbaycan da vətənimizdir".

Deputat hər zaman münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, tarixən bütün müharibələr masa arxasında sülh yolu ilə həll olunub: "Düzdür, istisnalar da var. Azərbaycan tərəfi 30 ilə yaxındır ki, işğalçını beynəlxalq hüquq normaları çərçivəsində danışıqlara dəvət edib. Əgər işğalçı tərəf BMT Təhlükəsizlik Şurasının 5 qətnaməsi, ATƏT, Avropa Birliyi, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ ərazilərindən işğalçı erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrini yerinə yetirməkdən boyun qaçırırsa, işalçılıq siyasətini davam etdirirsə, təxribatlarına ara vermirsə, o zaman silaha əl atılmalıdır".

A.Süleymanov onu da bildirib ki, bu gün Azərbaycan dünyada öz sözünü deyə biləcək ölkələr sırasındadır. İldən-ilə güclənir, inkişaf edir, qüdrətlənir: "Azərbaycanın yenilməz ordusu var. 2016-cı il aprel döyüşlərində Azərbaycan dünyaya, Ermənistana və onun havadarına gücünü göstərdi. Bu onlara bir mesaj idi. İşğalçı bu mesajı yaddan çıxarmayıb. Bu gün Azərbaycan ordusu bir həftə ərzində nəinki Dağlıq Qarabağ, hətta "Ermənistan dövləti"nin qurulduğu tarixi torpaqlarını belə geri qaytarmaq gücündədir. Biz də Azərbaycan, onun lideri cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, onunla fəxr edirik və hər bir zaman Azərbaycan xalqının yanındayıq. Biz heç bir zaman bir daha Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verə bilmərik".

Cavid