Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobusların paytaxtdan regionlara gecə reyslərinin bərpa olunması ilə bağlı hökumətə təkliflər planı təqdim edib. Bu barədə DANX-ın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Belə ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub: “Lakin ötən 9 ildə yol infrastrukturunda ciddi irəliləyiş əldə edilib. Təhlükəsizlik baxımından daşıyıcıların qarşısına qoyulan avtobus parkının yenilənməsinə dair tələblər icra olunur, şəhərlərarası istiqamətdə fəaliyyət göstərən avtobusların vəziyyəti yaxşılaşdırılıb. Buna görə də, avtobusların regionlara gecə reysləri bərpa oluna bilər”.