• 3 İyul 2020
logo
ADİİM yeni layihənin icrasına başlayır

ADİİM yeni layihənin icrasına başlayır

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan “Dini radikalizm və ekstremizmlə mübarizə - DREM.az saytının yaradılması" layihəsinin icrasına başlayır.

Layihənin icrası ilə bağlı QHT-nin yaydığı məlumatda qeyd olunur ki, dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edib. Öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. Dini radikalizm və ekstremizmə qarşı mübarizə bəşəri xarakter daşıyır. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qruplar meydana gəlir ki, bu, təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verir.

Bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlanmalıdır. Radikalizmin qarşısının alınmasında maarifləndirmə önəm daşımalıdır. Dini radikalizmə, terrorçuluğa, dini ektremizmə qarşı mübarizə müasir Azərbaycan dövlətinin də prioritet istiqamətlərindəndir.

Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülüb.

Radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Radikalizm bu gün İslamdakı elmlik, dünyəvilik prinsiplərinə qarşı bir təxribatdır. Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır. Nəticədə isə fanatizmin acı təzahürləri üzə çıxır.

DREM.az internet resursun yaradılmasında əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasıdır. Saytda vətəndaşlarımızın düzgün elmi, dini maariflənməsi, milli, mənəvi dəyərlərimizin qorunması, dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdən aparılan mübarizələrdən bəhs ediləcək, Azərbaycanda tolerantlıq və multikultural dəyərlərdən, ölkəmizin dünyada sülh platformasına, mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyindən söz açılacaq, gənclərimizdə vətənpərvərlik hissini aşılyan materiallar, dini, elmi araşdırmalar, dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelindən danışılacaq. İnternet resursu həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İlahiyyat institutu, dini konfessiyalar, islamşünas, din xadimləri, KİV və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək.

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.