• 15 Oktyabr 2021
logo
Pandemiya ilə mübarizədə 3 əsas şərt: maska, məsafə və dezinfeksiya

Pandemiya ilə mübarizədə 3 əsas şərt: maska, məsafə və dezinfeksiya

“Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir: maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq”.

Bu fikirləri ölkə Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı bildirib.

Son günlər əhali arasında koronavirusa yoluxmaların və aşkar olunan xəstələrin sayının sürətlə artması həyəcan təbili çalınmasının vacib olduğunu göstərir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 24-ə olan rəsmi məlumatlara görə, yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə bü günədək:

- ölkə üzrə 441 min 961 test aparılıb, nəticədə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar edilib. Onlardan 7.768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

- 24 iyun tarixinə Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkar edilib, müalicə olunan xəstələrdən 265 nəfəri sağaldığı üçün evə buraxılıb, xəstələrdən 7 nəfər vəfat edib.

Rəqəmlərə diqqət yetirdikdə görürük ki, aparılan testlərin nəticəsində aşkar olunan xəstələrlə, evə buraxılan xəstələr arasında fərq 2 dəfədən çöxdur. Bu isə bir neçə gün sonra ciddi problemlərin olacağına əsas verir.

Dağlıq rayonlarda vəziyyət necədir?

Hazırda respublikamızın bir sıra şəhər və rayonlarında yoluxmanın sürətini azaltmaq məqsədi ilə ciddi karantin rejiminə keçirilıb. Hər kəs yaxşı başa düşməlidir ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq və biz bu xəstəliklə yaşamağa məcburuq. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkanları daxilində bütün xəstələri müalicə edə bilsinlər.

Respublikamızda hazırda yoluxmanın daha da artmasına imkan verən ən münbit şərait, ölkə əhalisinin istirahət etmək üçün ailəliklə yollandığı dağlıq və dağətəyi rayonlardır. Burada həm virusa yoluxmaq, həm də yoluxdurmaq riski daha böyükdür.

Həm gələn qonaqların, həm də yerli sakinlərin bu virusa yoluxmasının qarşısını almaq üçün yuxarıda qeyd etdiyimiz 3 şərtə:

Maskadan istifadəyə,
Sosial məsafəyə riayət ediləsinə və
Mütəmadi dezinfeksiya işlərinin aparılmasına ciddi riayət edilməlidir.

Yerli turistlərin istirahət etmək üçün daha çox getdiyi rayonlardan biri kimi, Şəkidə də koronavirusla mübarizə bütün imkanlar daxilində davam etdirilir. Şəki Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargahın nəzarəti altında, NK yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq şəhərdə və rayonun qəsəbə və kəndlərində kompleks tədbirlər davam etdirilir.

Koronavirusla mübarizə dövründə ən məsul vəzifə səhiyyə işçilərinin üzərinə düşür. Şəkinin səhiyyə isçiləri ilk gündən gücləndirilmiş iş rejimində çalışır, həm yerli əhalinin sağlamlığının qorunması, həm də pandemiya ilə mübarizədə ön sırada dururlar. Hazırda, Şəki Rayon Mərkəzi Xəstəxanasında koronavirusun aşkarlanması üçün tam avtomatlaşdırılmış diaqnostik laboratoriya fəaliyyət göstərir. Şəki şəhərində 200 çarpayılıq yeni modul tipli xəstəxana binasının tikintisi davam etdirilir.

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri və polis əməkdaşları tərəfindən ictimai iaşə, ticarət və xidmət obyektlərində, otel və istirahət mərkəzlərində, ictimai nəqliyyat vasitələrində koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl olunması vəziyyəti monitorinq edilir, maarifləndirici söhbətlər aparılır, tələb olunan yerlərdə tibbi maskadan istifadə olunmasının, sosial məsafəninin saxlanılmasının, şəxsi gigiyena qaydalarına əməl olunmasının zəruriliyi vətəndaşların və obyekt sahiblərinin diqqətinə çatdırılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə, şəhər ərazisində, kənd və qəsəbələrdə dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Əhalinin kontakda olduğu bütün yerlərdə: banklarda, iri ticarət mərkəzlərində, mərkəzi bazarda, ictimai nəqliyyatda dezinfeksiya işləri aparılır, sərnişindaşımada fəaliyyət göstərən sürücülər müntəzəm tibbi müayinədən keçirilir.

Ən çox yoluxma hallarının yas mərasimlərində baş verməsini nəzərə alaraq, bu məsələ Şəki Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargahın diqqət mərkəzində saxlanılır. İstər şəhərdə, istərsə də kənd və qəsəbələrdə yas mərasimlərinin hazırkı tələblərə uyğun şəkildə keçirilməsinə ciddi nəzarət edilir.
Qeyd edək ki, aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, rayonlara gedış-gəliş açıldıqdan sonra Şəki rayonu ərazisində də yoluxma halları qeydə alınıb və hazırda say artmaqdadır.
Rayon üzrə gündəlik aparılan testlərin nəticəsində aşkar olunan xəstələr qısa müddətdə tədric olunaraq müfaviq xəstəxanaya yerləşdirilir, həmin şəxsin yaşadığı mənzil Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dərhal dezinfeksiya edilir. Virusun yoluxma mənbəyini aşkar etmək və daha da yayılmasının qarşısını almaq üçün xəstənin son əlaqələri öyrənilir və həmin şəxslər də testdən keçirilir.
Hazırkı vəziyyət bir daha insanların bu məsələyə məsuliyyətlə yanaşmasını, sosial təcrid tədbirlərinə və şəxsi gigiyena qaydalarına ciddi riayət etməsini diqtə edir.

Sonda bir daha ölkə Prezidentinin fikirlərinə qayıdırıq:

“Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir: maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq”.