• 29 Mart 2024
logo
“Ehtiyatlı olun, özünüzü, özümüzü, cəmiyyətimizi, gələcəyimizi qorumalıyıq”

“Ehtiyatlı olun, özünüzü, özümüzü, cəmiyyətimizi, gələcəyimizi qorumalıyıq”

Bunu “Xalq Cəbhəsi”qəzetinə açıqlamasında kardioloq Qalib Şəfahət son günlər karantin rejiminin yüngülləşdirilməsi nəticəsində koronavirusa yoluxanlarının sayının artmasına münasibətində bildirib.
Kardioloq qeyd edib ki, dünyanı ağuşuna alan və bəzi nəhəng dövlətlərin iqtisadiyyatına, əhalisinin sağlamlığına ciddi zərbələr vuran COVİD – 19-la mübarizə ölkəmizdə ən yüksək səviyyədə aparılıb, müsbət nəticələr də göz qabağındadır. Amma vətəndaşlarımızın arxayınlaşması bu təhlükənin üstümüzdən tam çəkilməyəcəyindən xəbər verir: “Hökumət infeksiya ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Təəssüflər olsun ki, hökumətin çağırışlarına, tövsiyələrinə çoxu riayət etmir, hələ də pandemiyanın xülya olduğunu düşünənlər var. Bir həkim kimi deyə bilərəm ki, virus var və bütün dünya bundan əziyyət çəkir. Bu kimi viruslar insana çox asanlıqla keçə bilər. O insan ki, özünü qorumur, o, ailəsini, yaxınlarını, bütövlükdə cəmiyyəti təhlükə altına atmış olur”.
Həkim qeyd edib ki, bütün iş yerlərində, istər dövlət, istər qeyri-dövlər qurumları, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.
Q.Şəfahətin fikrincə, bu məsələdə ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır: “İctimai nəqliyyatdan istifadə etdikdə çox diqqətli olmalıyıq. Sosial məsafələr saxlanmalıdır, qoruyucu maskalardan, digər tibbi vasitələrdən istifadə edilməlidir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Təəssüflər olsun ki, əksər vətəndaşlarımız bu tövsiyələrə riayət etmir. Metroda, avtobuslarda, insanların çox olduğu yerlərdə tibbi maskalar yaxalardan asılır, əllərdə tutulur. Maskalardan görüntü xatirinə istifadə edilir, bu təhlükədir”.
Kardioloq bildirib ki, uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib: “Qaydalara riayət edilməsə, karantin rejimi daha da sərtləşdirilə bilər. Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşının sağlamlığını qorumaqdır. Bunun üçün bütün vacib tədbirlər həyata keçirir. Vətəndaşlarımız bunu qaydalara əməl etməklə dəyərləndirməlidir. Bizdən nə asılıdır – təhlükəsizliyimizi qorumaq, sanitar-epidemoloji qaydaları gözləmək, bir-birimizə həmrəy, dəstək olmaq, virusla mübarizədə gücümüzü birləşdirməliyik. Həkim kimi vətəndaşlarımıza bir daha müraciət edirəm – harada olmağınızdan asılı olmayaraq ehtiyatlı olun, özünüzü, özümüzü, cəmiyyətimizi, gələcəyimizi qorumalıyıq”.
Cavid