• 13 Avqust 2020
logo
TƏBİB sədri: "Koronaviruslu xəstələr üçün 7000-dən artıq çarpayı fondumuz olacaq"

TƏBİB sədri: "Koronaviruslu xəstələr üçün 7000-dən artıq çarpayı fondumuz olacaq"

“Xüsusi rejimli xəstəxanalarda “COVİD-19” xəstələrinin müalicəsi üçün 5000-dən artıq çarpayı ayrılıb. Eyni zamanda 2000 çarpayıya malik modul tipli xəstəxanalar da yaxınlarda açılacaq”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, artıq ilk açılışı olan modul tipli xəstəxanaya gələn həftədən xəstə yerləşdirməyə başlanacaq: “Növbəti etapda isə Sumqayıt və Bakıdakı digər xəstəxanaların və Saray qəsəbəsində modul tipli xəstəxanaların açılışı həyata keçiriləcək. Böyük ehtimalla Gəncə şəhərindəki modul tipli xəstəxananın da açılışı gerçəkləşdiriləcək. Ümumilikdə 7000-dən artıq çarpayı fondumuz olacaq. Hesab edirik ki, çarpayı fondunun doluluq nisbətinə baxsaq, imkanlarımız var. Sadəcə olaraq digər səhiyyə xidmətləri ilə bağlı və logistika baxımından səhiyyə mütəxəssislərinin tibb müəssisələri arasında paylanması bizim üçün bir yükdür. Gündəlik yoluxma artarsa, bu, çətinlik yarana bilər. Məhz bu baxımdan vətəndaşları məsuliyyətli olmağa dəvət edirik ki, müəssisələrimizin üzərinə düşən yük artmasın”.
R. Bayramlı deyib ki, hazırda Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında 87, Cərrahiyə Klinikasında 121, Mərkəzi Neftçilər Xəstəxanasında 85, 2 saylı şəhər kliniki xəstəxanasında 72, 7 saylı uşaq xəstəxanasında 81, Ağciyər Xəstəlikləri İnstitutunun xüsusi bölməsində 5, Bakı Sağlamlıq Mərkəzində 52, Yeni Klinikada 70 nəfərə yaxın koronaviruslu xəstə var.