Sentyabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Bilik Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinifə gedəcək övladları ilə görüş keçirilib.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə birinciləri təbrik edib və onlara xoş arzularını çatdırıb. Bildirib ki, bu gün hər birimiz, o cümlədən uşaqlar sevinclidirlər. Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına, yenilməzliyimizin, məğrurluğumuzun dünyaya təqdimatına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Qələbəmizin qəhrəmanlarına minnətdarıq. Vətən, torpaq sevgisi ilə yaşayan Vətən övladları qanları ilə tarix yazdılar. Bu gün hər bir bayramımızı Zəfər ruhunda qeyd edirik.
Vüqar Rəhimzadə vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Onların təhsili, Vətən üçün layiqli övlad kimi böyümələri dövlətimizin siyasətində əsas yer tutur. Təhsil millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayırlar. Bunun əsas göstəricilərindən biri kimi təbii ki, yeni tədris ilində neçə-neçə məktəbin tikintisini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris ilində həmin məktəblərin yeni təmirdən sonra açılışında iştirak edirlər. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində yüzlərlə məktəbin tikilməsi, yaxud əsaslı təmiri də bunun bariz nümunəsidir. Bu gün məktəblərdə “Hər şagirdə bir kompyuter” prinsipinin tətbiqi də gələcəyimiz olan uşaqların daha yüksək bilik əldə etmələrinə, müasir dövrün çağırışlarını cavablandırmalarına xidmət edir.
Vüqar Rəhimzadə bir daha birinciləri, onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edərək, onların hər birinə təhsildə uğurlar arzulayıb. Bildirib ki, bu günün birinciləri sabahın müxtəlif ixtisas sahibləri olacaqlar: “Arzum budur ki, əldə etdiyiniz bu bilikləri doğma Vətənimiz Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə sərf edəsiniz. Birincilərə yeni tədris ilində təqdim olunan hədiyyənin, təbii ki, öz rəmzi mənası vardır. Bu, hər zaman yaddaşınızda dərin izlər qoyacaq”.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə yeni həyata qədəm qoyan birinciləri təbrik edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz önündədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətləri böyükdür. Təhsilin hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisi olduğunu önə çəkən dövlətimizin bu sahəyə xüsusi diqqəti dövlət büdcəmizdən ayırmalarda da özünün aydın ifadəsini tapır. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra təhsilin xüsusi yer tutması gələcəyimizin təqdimatında öz sözünü deyir. Belə ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, qorunması üçün müdafiə gücümüzün artırılması nə qədər önəmlidirsə, dayanıqlı inkişafımızı şərtləndirən təhsilin inkişafı da bir o qədər əhəmiyyətlidir. Bu mühüm məqamı xüsusi vurğulamalıyıq ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan elmi-texniki tərəqqi də təhsilimizin hazırkı inkşaf səviyyəsinin göstəricisi oldu.
Anar Tağızadə birincilərə bol-bol uğurlar arzulayıb. Bildirib ki, təhsilimizə göstərilən qayğı, məktəblilərin və tələbələrin yüksək savada, biliyə sahib olmaları üçün yaradılan şərait əldə olunan təhsil göstəricilərində də özünün aydın ifadəsini tapır.
Tədbirdə çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda birincilərə məktəb lavazimatları ilə zəngin çantalar təqdim olunub və xatirə şəkli çəkdirilib.