• 25 Sentyabr 2020
logo
Koronavirus və dünya mediası: 15 ölkənin jurnalistləri videokonfrans keçirdi

Koronavirus və dünya mediası: 15 ölkənin jurnalistləri videokonfrans keçirdi

Beynəlxalq jurnalist təşkilatı olan Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türkiyə, Azərbaycan, Amerika, Rusiya, Almaniya, İngiltərə, Belçika, Kıprıs Türk Cümhuriyyəti, İran, Yunanıstan, Bolqarıstan və digər ölkələrdəki təmsilçilərinin iştirakı ilə Online konfrans keçirib. Konfrans GJC-nin xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının təşəbbüsü ilə baş tutub.

Konfransda təşkilat üzvləri pandemiyanın yaşadıqları ölkələrin müxtəlif sektorlarına, xüsusilə də madiaya təsirini müzakirə ediblər.

Video konfrans GJC sədri Mehmet Ali Dim və qurumun xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının moderatorluğu ilə təşkil olunub.

Mehmet Ali Dim öncə Türkiyədəki son durum barədə qısa məlumat verib. O, koronavirus dövründə Türkiyədə medianın, xüsusilə də bölgə mediasının gerilədiyini söyləyib.

Elşad Eyvazlı da Azərbaycanda medianın eyni durumda olduğunu, qəzetlərin sıradan çıxdığını, əvəzində saytların oxunma sayının artdığını, ancaq pandemiyaya qarşı mübarizədə ölkəsinin digər ölkələrlə müqayisədə daha ciddi tədbirlər gördüyünü və daha az az itki verdiyini dilə gətirib.

ABŞ-dan dünyaca tanınmış savaş jurnalisti İrfan Sapmaz savaşdan doyduğu üçün Amerikaya gəldiyini, ancaq burada yeni savaşla, koronavirusla mübarizə aparmalı oldiğunu söyləyib:

“Təəssüflər olsun ki, gündəlik olaraq ABŞ-da virusa yoluxanların sayı kəskin şəkildə artır. ABŞ saatı ilə Tramp hər gün 17:00-18:00 arası mətbuat qarşısına keçib ölkədə görülən işlər barədə danışır. Amma Trampın tərəfdarı olan respublikaçılar belə karantin rejimin ləğv olunmasını istəyir. Ölkə iqtisadiyyatı ciddi ziyana uğrayıb. Təkcə 8 milyon nəfər birdəfəlik ödəmə almaq üçün işsiz kimi qeydiyyata alınıb. Tramp seçkilər qabağı bacardığı qədər büdcəni dirçəltməyə çalışır. Mediaya gəldikdə CNN kimi nəhəng media qurumunun əməkdaşlarından bir neçəsi virusa yoluxub və ev şəraitində karantindədir. Elə media qurumu var ki, koronavirusa qədər 1500 işçisi var idi, indi orada 15-20 nəfər çalışır”.

Rusiya təmsilçisi Yekaterina Gündüz deyir ki, yaşadığı ölkədə insanlar virusa çox da önəm vermir:

“Rusiyada insanlar koronavirusa bir o qədər əhəmiyyət vermirlər. Əksinə, onlar düşünür ki, sərhədlər açılsaydı Türkiyəyə dincəlməyə gedərdilər. Yəni insanlar istirahət üçün darıxıb və sərhədlərin bağlı olmasının dərdini çəkirlər”.

Təşkilatın Bolqarıstan təmsilçisi Nahide Yumer bildirib ki, ölkədə insanlara ərzaq yardımları ayrılıb və bütün paketlər dezinfeksiya olaraq ehtiyacı olan insanlara paylanılır:

“Bunu ona görə diqqətə çatdırıram ki, iki həftə bundan əvvəl kilsədə bayram mərasimi təşkil edən bolqarlar indi yardım paketlərinə belə diqqət edir. Ölkədə virusun qısa zaman ərzində yayılmasına səbəb karantin qaydalarının ciddi tətbiq edilməməsi oldu. İndi virusa yoluxanların sayı 1000-i keçir, ölənlərin sayı isə 50 nəfərdir. Düzdür, bu rəqəmlər az görünə bilər, amma Bolqarıstanın cəmi 5 milyon əhalisi var və bu rəqəmlər ölkə üçün əslində çox təhlükəlidir. Mediamızın da durumu bərbaddır”.

Kıprıs təmsilçisi Sefa Karanasan ölkədə yoluxma sayı haqda məlumat verib:

“Şimali Kiprdə görülən tədbirlər nəticəsində virusa yoluxanların sayı kəskin şəkildə azalıb. Mayın 4-dən sonra bəzi iş yerlərinin açılması müzakirə olunur. Bizdə ciddi problem siyasi məsələlərlə bağlıdır. Yunanıstan tərəfdən buraya cəmi 40 min dəyərində yardım göndərilib. Bunu az qala bayram kimi təqdim etmək istəyənlər var. Ancaq Türkiyədən hər gün təyyarələrlə yardımlar gəlir. Bunu görməzliyə vururlar. Mediamızın durumuna gəldikdə isə, bütün dünyada yaşananları biz də dadırıq”.

Qurumun sədr müavini Kahraman Halısçelik karantin rejiminin sosial medianı önə çəkməsindən danışıb:

“Türkiyədə durum hamımıza məlumdur. Karntin rejimi artıq yavaş-yavaş yumşalmağa başlayır. Mətbuata da karantin dönəmində xeyli ziyan dəyib. Amma sədrimiz Dim sağolsun ki, yerli medianı səfərbər etməyi bacardı. Ümid edirəm ki, qarşıdakı dönəmdə bəzi sıxntılar həll olacaq və media lazımi dəstəyi alacaq. Evdə qalaraq biz əslində sosial medianın nə qədər önəmli olduğunu anladıq. Ev şəraitində dövlət başçılarının belə onlayn qaydada konfrans etməsi artıq sosial medianın nə dərəcədə lazmlı və əhəmiyyətli olduğunu göstərir”.

İran təmsilçisi Yaqub Aslani hazırda Tehranda masqa qıtlığı olduğunu və spirt tapılmadını bildirib:

“Hazırda İranda insanları ən çox düşündürən əsas məsələlərdən biri virusa yoluxan və ölən insanların sayıdır. Çünki ancaq rəsmi mənbədən məlumat verilir ki, bu da bizə inandırıcı gəlmir. Düzdür, indi virusa yoluxanların gündəlik sayı artıq azalmağa başlayıb amma onu da deyim ki, edilən test sayı da çox aşağıdır. Belə ki, ölkədə 1750000 test edilib amma virus xəstələrinin sayı 340000 civarındadır. Bundan başqa artıq Ramazan ayı başlayıb və həyat daha yavaş axarda davam edəcək. İnsanlar masqa tapmaqda çətinlik çəkir. Spirt isə demək olar ki, tapılmır. Ancaq tanış vasistəsi ilə burda spirt tapmaq mümkündür. Medianın durumu isə daha çətindir”.

Belçika təmsişçisi Yeliz Hacıosmanoğlu artıq vəziyyətin düzəlməyə doğru getdiyini deyir:

“Belçikada vəziyyət artıq düzəlməyə doğru gedir. Qocalar evində ölən insanların sayı da virusdan ölənlərin siyahısan daxil edildiyi üçün bəzən virusdan itki çox görünür. Amma deyim ki, artıq karantin rejimi yumşalır və alış-veriş mərkəzləri açılır, məktəblər isə cümə günü verilən qərar əsasında açılacaq. Bizdə media dövlətdən yardım istəyir”.

Təşkilatın qurucu üzvü Aynur Tattersal deyib ki, insanlarda fərdi inkişaf müşahidə edir:

“Hazırda insanlarda fərdi inkişafla bağlı bir çox məsələləri izləyirəm. Elə düşünürük ki, hər şey dəyişəcək və fərqli qaydada olacaq. Amma fərqində deyilik, artıq bu proses olub və hər şey tamamilə dəyişib. Hamımız iqtisadi durumdan, itkilərdən danışırıq. Amma mən bu itkilər əvəzinə bir şey söyləmək istəyirəm. Media nümayəndəsi kimi həmişə insanların dərdini dilə gətiririk. Amma dönüb özümüzə baxaq ki, əslində həyatımızda hansı dəyişikliklər oldu. Bir az bu məsələyə diqqət yetirsək, bizə də bir mesajın olduğunu anlayarıq. Hazırladığımız xəbərlərlə anlaya bilərik ki, əslində bundan əvvəl necə jurnalist idik, indi necə jurnalistik. Müsbətə doğru xeyli işlər olacağı qaçılmazdır”.

Təşkilatın Almaniya, İngiltərə və digər ölkələrindən olan təmsilçiləri qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər.

Qərara alınıb ki, koronavirus dövrü bitənə qədər videokonfranslar davam etdirilsin, “Koronavirus və dünya mediası” mövzusunda hesabat hazırlansın.