• 19 Sentyabr 2020
logo
BŞH: Azərbaycan Qran-prisini tamaşaçısız keçirməyi düşünmürük

BŞH: Azərbaycan Qran-prisini tamaşaçısız keçirməyi düşünmürük

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan “Formula-1” Azərbaycan Qran-prisi-2020 yarışı ilə bağlı son vəziyyətə aydınlıq gətirib.

BŞH-dən apasport.az saytına verilən məlumata görə, builki çempionatın ilkin yarış cədvəlində 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan “Formula-1” Azərbaycan Qran-prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, “Formula-1” rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda “Formula-1” dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək “Formula-1”in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda “Formula-1” komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə “Formula-1” rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, “Formula-1”in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran-prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.