• 22 Sentyabr 2020
logo
“Pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülür”

“Pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülür”

İlyas Hüseynov: “Məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbirin əksini tapması, bununla yanaşı, 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsaitin ayrılması koronavirus pandemiyası dövründə ölkəmizdə sosial sahədə görülən işlər prioritet təşkil etdiyini göstərir.
Politoloq söyləyib ki, hazırda ölkəmizdə həyata keçirilən dəstək proqramlarında iş yerlərinin və əməkhaqlarının qorunması ən ümdə vəzifədir: “Bu məqsədlə dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün mühüm işlər aparılıb, həmçinin elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu işlərin əhatə dairəsinə nəzər salanda görürük ki, 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) dövlət qayğısını öz üzərində hiss edib”.
Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə də məqsədyönlü addımların atıldığını xüsusi vurğulayan İlyas Hüseynov qeyd edib ki, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb: “Bu məqsədlə 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxsin işə cəlb edilməsi təmin edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Bununla yanaşı, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə (190 manat) birdəfəlik ödəmənin verilməsi həyata keçirilir. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək”.
Politoloqun fikrincə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan daha önəmli məqamlar güzəştli işıq limitinin aprel-may aylarında 100 kilovatsaat həcmində artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsidir.