• 21 Sentyabr 2020
logo
Qubada Həsən bəy Zərdabinin abidəsi ucaldılır

Qubada Həsən bəy Zərdabinin abidəsi ucaldılır

Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib Həsən bəy Zərdabinin adını daşıyan istirahət parkının abadlaşdırılmasına başlanılıb. Yenidənqurma işləri çərçivəsində parkda Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılır. Parkın mərkəzində isə görkəmli ədibin postament üzərində 1,65 metr hündürlüyündə abidəsi ucaldılacaq.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün iki hektar ərazisi olan parkda dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Hazırda parka səki daşları döşənir, idman sahələri salınır. Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilir. Yolun kənarında piyada səkiləri də tamamilə yenidən qurulacaq.
Xüsusi karantin rejimi qaydalarına əməl edilməklə həyata keçirilən tikinti işlərinin 22 İyul - Milli Mətbuat Günü ərəfəsində yekunlaşdırılması nəzərdə tutulub.
Cari ilin əvvəlindən başlayaraq Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.