• 22 İyun 2024
logo
Bakıda supermarketdə spirtli içkiləri sındırmaqda təqsirləndirilən şəxsə cəza istənilib

Bakıda supermarketdə spirtli içkiləri sındırmaqda təqsirləndirilən şəxsə cəza istənilib

Bakının Yasamal rayonunda yerləşən supermarketlərin birində spirtli içkiləri sındırmaqda təqsirləndirilən İkram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən İkram Hüseynovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu ərasizindəki supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli içkiləri “haramdır” deyib, sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

İkram Hüseynova Cinayət Məcəlləsinin 234.1.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.