• 27 İyul 2024
logo
Agentlik direktoru: Növbəti tədris ilində Füzuli peşə liseyinə tələbə qəbulu planlaşdırırıq

Agentlik direktoru: Növbəti tədris ilində Füzuli peşə liseyinə tələbə qəbulu planlaşdırırıq

Azad olunmuş ərazilərdə 8 peşə təhsil müəssisəsi qurulacaq. Hazırda Füzuli peşə liseyinin tikintisi davam edir. Növbəti tədris ilində artıq orada tələbə qəbulu planlaşdırırıq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, eyni zamanda, Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda peşə təhsili müəssisələrinin layihələndirmə işləri aparılır:

“Həmçinin həmin ərazilərdə tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasına da başlamışıq. Eyni zamanda, azad olunmuş ərazilərə qayıdan 6000 nəfər vətəndaşın qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunması istiqamətində işlərə başlamışıq. Artıq 120 nəfər bu təlimlərə cəlb edilib".

Ceyhun Kərəmov əlavə edib ki, Füzuli peşə liseyində alternativ enerji - həm külək, həm Günəş, həmçinin hibrid və elektrik avtomobillərin təmiri də tədris aparılacaq ixtisaslar sırasındadır:

"Hazırda Füzuli peşə liseyində bu istiqamətdə emalatxanaları qurulması planlaşdırılır. Bundan sonra layihələndirilən bütün təhsil müəssisələrində bunu nəzərə alacağıq. Çünki bu ərazilər yaşıl enerji zonasıdır. Gələcəyin ixtisasları yeni yaşıl bacarıqları tələb edir."

O, həmçinin qeyd edib ki, növbəti ildən peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək.