• 23 Sentyabr 2020
logo
Azərbaycanın ən böyük yarımstansiyası yenidən qurulur

Azərbaycanın ən böyük yarımstansiyası yenidən qurulur

"AzərEnerji" ASC 35 il bundan əvvəl tikilmiş və istismar müddəti başa çatmış ölkənin ən böyük yarımstansiyası - 500 kilovoltluq "Abşeron" yarımstansiyasını yenidən qurur. Bu barədə "Report"a qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdulayev məlumat verib. Bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən 3 ədəd 220 kilovoltluq "Xırdalan", "Müşfiq" və "Hövsan" yarımstansiyaları məhz "Abşeron" yarımstansiyasından qidalanır. Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından strateji əhəmiyyətli "Abşeron" yarımstansiyasına birbaşa daxil olan 500 və 330 kV-luq hava xətləri "Sumqayıt" Elektrik Stansiyası, "Yaşma", "Ağsu" və "Qəbələ" yarımstansiyalarını da əlaqələndirir. Hazırda "Abşeron" yarımstansiyasında 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularda yenidənqurma işləri aparılır, avadanlıqlar yenilənməklə yanaşı,paylayıcı qurğuların ərazisi genişləndirilir. Müasir tipli rəqəmsal panellər, rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunmuş yeni idarəetmə binası tikilir. SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Əraziyə yeni su xətti çəkilir. Qəzaların qarşısının alınması, enerji yükünün ötürülmə keyfiyyətinin artırılması, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir. Qeyd edək ki, "Abşeron" yarımstansiyasında yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.