• 29 Mart 2024
logo
Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Trend-in “pandemiya atmosfer havasının keyfiyyətinə təsir edibmi” sualına cavab verib.

O bildirib ki, pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt hesab etmir:

"İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları olsun, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun, biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik.

Bidiyiniz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiya hamının yaxşı yadındadır. Bəzi pessimistlər bu yolla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar.

Lakin gördüyünüz kimi, bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb.

Bu bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir".