• 27 İyul 2024
logo
Elektron ticarət və yenilənən qaydalar

Elektron ticarət və yenilənən qaydalar

İqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə cari ilin əvvəlində Vergi Məcəlləsində dəyişikliklər edilib. Bundan irəli gələrək, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası” təsdiq edilib. Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin tələblərinə uyğun hazırlanmış bu sənəd rezidentlərə (eyni zamanda vətəndaşlara) elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim olunmasından gəlir əldə edən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir.
Qayda Azərbaycanda daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir. Qərara əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqlar. Qaydanın məqsədləri üçün qeyri-rezident dedikdə, internet vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident şəxs nəzərdə tutulur.
Qeyri-rezident tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda, vergi bəyannaməsi təqdim edilir: işləri və xidmətləri alan rezident şəxs ödənişi Azərbaycanda yerləşən banklar vasitəsilə həyata keçirərsə; həmin şəxs Azərbaycanda yerləşərsə; şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycanda yerləşərsə; mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aiddirsə.
Beləliklə, yeni qaydalara əsasən, uçota alınan qeyri-rezident şəxs tərəfindən xidmətlərin göstərilməsi zamanı vergi agenti, yəni banklar tərəfindən ödəmə mənbəyində ƏDV tətbiq edilməyəcək. Bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən, Vergi Məcəlləsinə uyğun olaraq hesablanıb ödəniləcək. Nəticə etibarilə, vergi öhdəliyi birbaşa qeyri-rezidentin özü tərəfindən icra ediləcəyindən, bu, qeyd olunanlarla yanaşı, vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə xidmət göstərəcək.
Elektron ticarət və ya elektron kommersiya onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışıdır. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur.
Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa mobil ticarət analyışından da istifadə edilir.
Ödənişlərin heç yerə getmədən edilməsi, sifarişin qapıya çatdırılması rahatlığı, eləcə də dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları onlayn ticarətin ən üstün cəhətlərindəndir. Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər elektron ticarət getdikcə vüsət alır və bu sahədə müqavilə öhdəliklərinə əməl edilməsi aktuallaşır. Elektron ticarət zamanı satıcı ilə alıcı arasında müqavilələr elektron sənəd formasında bağlanır.
Azərbaycanda elektron ticarət həyata keçirən satıcı özü barədə alıcılara (sifarişçilərə) və səlahiyyətli dövlət orqanlarına bir sıra məlumatları təqdim etməlidir. Bura hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), malların, xidmətlərin və işlərin qiymətinə malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat, ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar daxildir.
Satıcının alıcılara təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Qeyd olunan məlumatları təqdim etməyən satıcı və icraçılardan mal və ya xidmətlər sifariş etmək risklidir. Ona görə də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara şübhəli hesab etdikləri internet satış səhifələrindən və sosial şəbəkələr vasitəsilə alış-veriş etməkdən çəkinməklərini, elektron ticarət edərkən çatdırılma anında ödəniş etməyə üstünlük vermələrini tövsiyə edir.
Bu gün həm ayrı-ayrı ölkələr çərçivəsində, həm də qlobal səviyyədə pərakəndə ticarətin öncə tərəfdaşı, sonra isə rəqibinə çevrilən elektron ticarət sayəsində sahibkarlar, ticarətçilər və şirkətlər öz müştərilərinə alternativ satış kanalı təmin etməklə kifayətlənmir, əksinə, "offlayn" müştəri kütləsinə paralel olaraq yeni və fərqli müştəri qrupu əldə edirlər. Əslində elektron ticarət ənənəvi ticarətin rəqibinə çevrilir ki, bu da ənənəvi qaydada bizneslə məşğul olanları narahat edir. Çünki onların satış hacmləri azalır. Xüsusən də idxal mallarının pərakəndə ticarət ilə məşğul olanlar alıcılarını itrirlər ki, bu da onların gəlirlərinin azalmasına səbəb olur. Hətta bir qədər əvvəl Azərbaycanda bir qrup tacir hökumətə müraiət edərək elektron ticarətin məhdudlaşdırılmasını, vergiyə cəlb edilməsini, 300 dollarlıq gömrük limitlərinin ləğvini istəmişdilər. Tacirlər hesab edirlər ki, electron ticarət onların müştərisini azaldır, nəticədə belə davam edərsə pərakəndə satış dükanlarını bağlamaq məcburiyyətində qalacaqlar. Amma həmin sahibkarlar anlamalıdıelar ki, electron ticarətin qarşısı alına bilməz, əksinə bütün dünyada bu proses daha da böyüyür. Ən yaxşı yol odur ki, bizim tacirlər də elektron ticarətin genişlənən imkanlarından istifadə etsinlər. Əks halda rəqabət aparmaq çətin olacaq. Çünki elektron ticarət alıcılar üçün qiymət, seçim, logistika və vaxt baxımından daha əlverişlidir. İnsanlar istədikləri məhsul və xidmətləri onlayn qaydada sifariş verməklə, həm də vaxtlarına və pullarına qənaət etməklə daha evlərində əldə edirlər.
Nəzərə alsaq ki, elektron ticarət sahəsində inkişaf etmiş çox geridə qalırıq, düməli, bu sahəni daha da inkişaf etdirmək lazımdır. Ölkəmizdə elektron ticarətin dünya göstəricilərindən geri qalmasının əsas səbəbi elektron ödənişlər üçün zəruri infrastrukturun olmaması və əhalinin maliyyə savadlılığının zəifliyidir. Əhalinin əsas məsuliyyəti maliyyə savadlılığının artırılması, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ya idxal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Əslində sahibkarlar bu sistemə keçməyə məcbur olacaqlar, əks halda rəqabət apara bilməyəcəklər. Dövlət isə elektron ticarəti təşviq etməlidir.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, o cümlədən rəqəmsal vergiyığma üzrə əhatəliliyin (təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövriyyələrin cəminin bəyan edilmiş dövriyyəyə nisbəti) xüsusi çəkisinin 75%-dən çox olması hədəflənib. Ölkəmizdə həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri vergi inzibatçılığında tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi və bu məqsədlə mövcud resurslardan maksimum səmərəli istifadə olunmasıdır. Vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılır.

Mahir Həmzəoğlu