• 27 İyul 2024
logo
Kreditlərə artan tələb və yüksək faiz dərəcələri

Kreditlərə artan tələb və yüksək faiz dərəcələri

Mərkəzi Bank tərəfindən 2023-cü ilin üçüncü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir. Sorğu nəticələrinə əsasən 2023-cü ilin III rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması trendi davam edib. Bu trend biznes kreditləri üzrə əsasən mikro və kiçik sahibkarlara verilən kreditlərdə, istehlak kreditləri üzrə isə əsasən kredit kartlarında müşahidə edilib. Sorğuya əsasən banklar cari ilin son rübündə də MKOS subyektlərinin biznes kreditlərinə tələbinin yüksələcəyi ilə yanaşı, kredit kartlarına olan tələbin də artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
Kreditlərə tələbin artması müsbət meyildir. Bu, iqtisadiyyatın investisiyalara ehtiyacının olduğunu göstərir. Deməli, qeyri-neft sektorunda sərmayələrə tələb yüksəlir. Azərbaycanda sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər. Çünki özlərinin pulları yoxdur. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, onlara daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrinin maliyyələşdirilməsi üçün sahibkarların uzunmüddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var.
Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir ki, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1300-dək müraciət daxil olub.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bununla belə, mövcud dəstək mexanizmlərinin əhatə dairəsi genişləndirilməlidir. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktiki biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədən istifadə edilməsi faydalı ola bilər.
2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14,258 milyard manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8414,6 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinə, 5108,0 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11031,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10,4 milyard manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil edib. Göründüyü kimi, Əsas kapitala yönəldilmiş vəsaitlərin çox kiçik bir hissəsi bank kreditlərinin payına düşür ki, bu da kredit faizlərinin yüksək oması ilə bağlıdır.
Müsbət haldır ki, pandemiyadan sonra iqtisadiyyata sərmayə yatırımlarında artım meyilləri qeydə alınır. Amma bu, yetərli deyil. Xarici sərmayələrə də böyük ehtiyac var. Xarici investorları özəlləşdirmə prosesinə də daha aktiv şəkildə cəlb etmək olar. Özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalıdır. Hər halda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər. Bunlarla yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin investorlar üçün cəlbediciliyiniu artırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. İnvestorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi vacibdir. Müəssisələrin özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları, potensial investorlara daha əlverişli şəraitin yaradılması faydalı ola bilər.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir.

Mahir Həmzəoğlu