Azərbaycan dünyanın 194 ölkəsi ilə ticarət əməliyyatları aparır. Bu il 113 ölkəyə məhsul ixrac olunub, 185 ölkədən isə idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard dollar olub. Ticarət dövriyyəsinin 18,8 milyard dollarını və ya 62,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 11,2 milyard dollarını (37,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7,7 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,9 faiz azalmış, real ifadədə isə 0,4 faiz artmışdır. İdxal real ifadədə 6,9 faiz artmış, ixrac isə 1,8 faiz azalmışdır.
2023-cü ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,6 faiz, real ifadədə 10,6 faiz artaraq 2210,4 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 32,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 5,5 faizi Çin, 3,2 faizi Yunanıstan, 3,1 faizi İsrail, 3,0 faizi Almaniya, 2,3 faizi Hindistan, 2,2 faizi İspaniya, 1,8 faizi Türkmənistan, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Çexiya, 1,6 faizi Birləşmiş Krallıq, 1,4 faizi Rumıniya, 1,3 faizi Fransa, 1,1 faizi İrlandiya, hər biri 1,0 faiz olmaqla Xorvatiya və ABŞ, 0,9 faizi İran, 11,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşür.
İxracın 45,6 faizini İtaliyaya, 16,4 faizini Türkiyəyə, 4,7 faizini Yunanıstana, 4,5 faizini İsrailə, 3,3 faizini Rusiyaya, 2,9 faizini İspaniyaya, 2,8 faizini Hindistana, hər biri 2,2 faiz olmaqla Çexiya və Gürcüstana, 1,9 faizini Rumıniyaya, 1,8 faizini Almaniyaya, hər biri 1,5 faiz olmaqla İrlandiya və Xorvatiyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini Bolqarıstana, 0,7 faizini Vyetnama, hər biri 0,6 faiz olmaqla Avstriya və Portuqaliyaya, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,6 faiz), Türkiyəyə (26,5 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,8 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,2 faiz), Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz), Latviyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,9 faizi Rusiya, 17,0 faizi Çin, 13,7 faizi Türkiyə, 5,7 faizi Almaniya, 5,3 faizi Türkmənistan, 3,1 faizi Fransa, 3,0 faizi ABŞ, 2,7 faizi İran, 2,6 faizi İtaliya, 2,5 faizi Koreya, 2,4 faizi Yaponiya, 1,9 faizi Birləşmiş Krallıq, 1,8 faizi Belarus, 1,6 faizi Qazaxıstan, hər biri 1,4 faiz olmaqla Braziliya və Ukrayna, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Gürcüstan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 29,7 faiz, təzə tərəvəz – 10,0 faiz, şəkər – 6,9 faiz, 3 meyvə və tərəvəz şirələri – 37,5 faiz, meyvə və tərəvəz konservləri – 41,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 46,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 54,0 faiz, polipropilen – 2,1 dəfə, polietilen – 44,2 faiz, emal olunmamış alüminium – 13,3 faiz, sement klinkerləri – 14,3 faiz, pambıq ipliyi – 17,3 faiz, bentonit gili – 3,7 faiz artmış, kartof ixracı isə 9,1 faiz, bitki yağları – 66,0 faiz, çay – 68,4 faiz, tütün – 63,8 faiz, pambıq lifi – 23,8 faiz, mineral gübrələr – 33,3 faiz, qara metallardan çubuqlar – 3,4 faiz, qara metallardan borular – 5,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü ilin yanvar-avqust aylarında buğda idxalı 23,9 faiz, xam şəkər – 2,5 faiz, unlu qənnadı məmulatları – 10,1 faiz, şokolad və şokolad məhsulları – 9,1 faiz, mal əti – 2,4 dəfə, siqaretlər – 8,1 faiz, minik avtomobilləri – 33,8 faiz, dərman vasitələri – 6,5 faiz, polad prokatı – 67,6 faiz, qara metallardan borular – 87,0 faiz, hesablama maşınları, blok və qurğuları – 23,2 faiz, rezin şinlər – 21,2 faiz, yük avtomobilləri – 40,0 faiz, sintetik yuyucu vasitələr – 12,4 faiz, mebellər – 16,6 faiz, polietilen – 53,0 faiz, mineral gübrələr – 63,9 faiz, paltaryuyan maşınlar – 60,8 faiz, polipropilen – 50,7 faiz, qara metallardan künclüklər – 13,3 faiz, məişət soyuducuları – 65,9 faiz artmışdır. Ancaq bitki yağları idxalı isə 12,0 faiz, təzə meyvə – 10,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,4 faiz, çay – 8,9 faiz, quş əti və onun əlavə məhsulları – 7,8 faiz, kartof – 20,0 faiz, təzə tərəvəz – 3,5 faiz, məişət kondisionerləri – 5,7 faiz, qara metallardan çubuqlar – 8,5 faiz, avtobuslar – 75,4 faiz, sement – 30,3 faiz azalıb.
Maraqlıdır ki, Azərbaycan üçün qeyri-neft məhsulları üzrə əsas ənənəvi ixrac bazarı Rusiya olub. Amma bu ildən bu sahədə vəziyyət Türkiyənin xeyrinə dəyişməyə başlayıb – Türkiyə 26,5 faiz, Rusiya 32,6 faiz. Bu isə son illər qardaş Türkiyə ilə artan dinamika ilə inkişaf edən siyasi və iqtisadi əlaqələrlə bağlıdır. Ancaq idxalda Rusiya hələlik öndədir, Çin 2-ci, Türkiyə 3-cüdür. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycana idxalın payında Çin və Türkiyənin önə keçəcəyi gözləniləndir. Çünki ən əlverişli İpək yolunun bərpa olunması ilə Çindən gələn yüklər Qazaxıstan, Azərbaycan, Zəngəzur dəhlizi, Naxçıvan və Türkyə üzərindən Avropaya qədər daşına biləcək. Bu yol həm qısadır, həm daha ucuz olacaq, həm vaxt baxımından yüklər daha tez mənzil başına çatacaq. Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yaradılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
Türk dünyasının bir parçası olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını, xüsusən də türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini xeyli sürətləndirib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir: “Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir”. Türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsir göstərir.
Yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə ötən il bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, ötən il bu rəqəm 5 milyard 842 milyon dollaradək yüksəlib. Son illər ölkəmizin türk dövlətləri ilə apardığı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, ötən il Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5,1 dəfə artaraq 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. 2022-ci ildə Qazaxıstanla 598 milyon 486 min dollarlıq ticarət əməliyyatları aparılıb ki, bu da əvvəlki ilə nisbətən 4,4 dəfə çoxdur. Bundan əlavə, ötən il Azərbaycan Özbəkistanla 183 milyon 307 min dollar, Qırğızıstanla isə 10 milyon 809 min dollarlıq ticarət əməliyyatları aparıb ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 64 faiz və 17 faiz çoxdur.
Mahir Həmzəoğlu