Mərkəzi Bank uçot dərəcinə yenidən baxıb. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb. Bu isə o deməkdir ki, infilyasiya riskləri yüksək qiymətləndirilmir, kreditlərin bahalaşdırılmasına ehtiyac yoxdur. Real sektorun dəstəklənməsi daha məğbul yoldur.
Mərkəzi Bankın bu qərarı aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib. Hesab olunur ki, ölkədə illik inflyasiya tempinin azalması meyili davam edir. Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya avqustda 8% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7.6 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7.4%-ə enmişdir. Əslində yay aylarında qiymətlərun ucuzlaşması gözlənilən haldır. Üzü qış mövsümünə doğru infilyasiya gözləntiləri var.
İllik inflyasiyanın dinamikası həm xarici, həm də daxili amillərdən təsirlənir. Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən ümumi əmtəə qiymət indeksi avqustda illik əsasda 29.6%, o cümlədən enerji qiymətləri üzrə 37.1%, qeyri-enerji qiymətləri üzrə 7.3% enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi avqustda aylıq əsasda 2.1%, illik əsasda 11.8% azalıb. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin ilin 8 ayında 18% möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaltmışdır.
Xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynamışdır. 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 mlrd. ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində olmuşdur. 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır. Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir. Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olmuşdur.
Faktiki inflyasiyanın azalmasına baxmayaraq qlobal iqtisadiyyatda qeyri-müəyyənlik şəraitinin davam etməsi və məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya təsir imkanlarını saxlayır. İqlim dəyişiklikləri ilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginliklər fonunda dünya iqtisadiyyatının bloklara ayrılmasının dərinləşməsi əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər.
Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən inflyasiya hədəfini elan etmiş iqtisadiyyatların 2023-cü ildə 96%-də, 2024-cü ildə isə 89%-də inflyasiyanın hədəfdən yuxarı olacağı proqnozlaşdırılır. Təklifin tələbi kəskin üstələməsi şəraitində valyuta bazarında tarazlığı təmin etmək üçün əsasən fiskal əməliyyatlarla əlaqədar Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsinin artmasına zərurət yarana bilər. Bu isə pul təklifinin izafi genişlənməsinə səbəb olmaqla inflyasiyaya artırıcı təsir edəcək başlıca daxili risk hesab oluna bilər. Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd monetar şəraitin sərtləşdirilməsi ilə məcmu tələbin izafi artımının məhdudlaşdırılması olmuşdur. Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlamışlar ki, bununla da manatla təqribən əlavə olaraq 350 mln. manat həcmində izafi vəsait sterilizasiya edilmişdir. Eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirmişdir. Faiz dəhlizinə dair qərarlar və likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edir. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya vermişlər. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir.
Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir.
Mərkəzi Bank illik birrəqəmli (8,3 faiz) infilyasiya proqnozu versə də, onun ikirəqəmli olacağı daha gözləniləndir. Mövsümü amillərlə əlaqədar qiymətlərdə ucuzlaşma qeydə alınsa da, üzü payız-qış aylarına da doğru qiymətlərdə yenidən bahalaşma olacaq. Çünki qiymət artmına təsir edən amillər öz aktullağını saxlayır. Xüsusən də bu özünü idxal qiymətlərində göstərəcək. İlin əvvəlindən artıq ikirəqəmli infilyasiya müşhidə olunur. Belə ki, 2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-avqust aylarına nisbətən 111,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil etmişdir. 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,0 faiz təşkil etmişdir. Yəni, rəsmi statistikaya görə son 1 ildə qiymətlər 8% artıb.
Amma yaxşı xəbər odur ki, dünya bazarında qiymət artımlarında səngimə müşahidə olunur. Dünya bazarında taxıl, bitki yağları, süd məhsullarının qiymətlərinin enməsi müşahidə edilsə də, şəkər, ət və düyü kimi strateji ərzaq məhsulları bahalaşır. Bunları nəzərə alsaq, dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda ölkəmiz üçün də ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi hər zamankı kimi aktualdır.
2022-2023-cü illər dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verdi. Sonra həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım qeydə alınsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir.
Bu arada ölkədə iqtisadi artım da qeydə alınıb. 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artmışdır. ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manat olub.
Mahir Həmzəoğlu