• 23 Yanvar 2021
logo
Azərbaycanda əmanətlərin tam sığortalanması 9 ay müddətinə uzadıldı

Azərbaycanda əmanətlərin tam sığortalanması 9 ay müddətinə uzadıldı

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay müddətinə uzadıldı.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun III maddəsində “4 (dörd) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz edilir.

Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 2019-cu il fevralın 19-da Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılıb.

Məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.