• 27 Aprel 2024
logo
“2022-ci ildə ölkə üzrə ümumilikdə 12102 sayda satınalma tətbiq edilib”

“2022-ci ildə ölkə üzrə ümumilikdə 12102 sayda satınalma tətbiq edilib”

Vüqar Gülməmmədov: “6,8 milyard manat məbləğində satınalma müqavilələri bağlanılıb”

“2022-ci ildə də dövlət büdcəsinin kassa icrasının əhatəsinə daxil olan vəsaitlərin bir hissəsi bu anlayışın mahiyyəti ilə bəzi hallarda tam eynilik təşkil etməyib”. Bunu Milli Məclisin plenar iclasında, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib: "Belə ki, kassa icrası ünvanlı istifadəni ehtiva edir ki, bəzi hallarda dövlət xəzinədarlığı vasitəsilə icra edilib, lakin istifadə olunmamış və bank hesablarında qalmış-ünvana çatmamış vəsaitin icra hesabatlarında əks etdirilməsi ilə bağlı müəyyən suallar yaranır. Ümumiyyətlə apardığımız araşdırmalar kassa icrası və dövlət büdcəsinin icrası anlayışlarının bəzi hallarda fərqli şərh edilə bildiyini göstərir".
V.Gülməmmədov deyib ki, 2022-ci ildə ölkə üzrə ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6,8 milyard manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 767,5 milyon manat çoxdur: “2022-ci ildə satınalmalar arasında say baxımından bir mənbədən satınalma metodu, məbləğ baxımından açıq tender üstünlük təşkil edib. Nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən icra edilməsi, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması satınalmaların dövlət büdcəsi xərclərində xüsusi çəkisinə təsir edib. Hesablamalar göstərir ki, 4-cü rübdə keçirilən satınalmalar ilin birinci yarısı qədərdir. Qeyd olunan hallar dövlət satınalmalarının planlaşdırılmasında və metodlarında təkmilləşdirilmənin aparılmasının zərurətini bir daha göstərir.
Debitor borclar, onların yaranma səbəbləri, uçotu və riskləri komitə iclasında ətraflı müzakirə edildi. Lakin biz kreditor borclar barədə də ilk dəfə olaraq danışmaq istərdik. Fiskal diaqnostika alətlərinin tələblərində xərclər üzrə kreditor borcların uçotunun aparılmasının, həmin borcların məbləğinin müəyyən həddən aşağı olmasının və onların monitorinqinin vacibliyi vurğulanır. Nəzarət tədbirləri göstərir ki, bir sıra qurumlar üzrə kreditor borcların olmasına baxmayaraq, onlar tərəfindən həmin borclar büdcə və maliyyə hesabatlarında tam əks etdirilməyib. Cari ildə Hesablama Palatası mövcud vəziyyəti düzgün qiymətləndirmək üçün illik konsolidasiya edilmiş maliyyə hesabatları üzərindən kreditor borcların araşdırılmasını planlaşdırır".
Vüqar Gülməmmədov əlavə edib ki, 2022-ci ildə qeyri-neft/qaz iqtisadiyyatının və qeyri-neft gəlirlərinin əhəmiyyətli artımı fonunda cari xərclərin qeyri-neft/qaz sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyillər izlənilib: “Bu, cari xərclərin də il ərzində 2,5 milyard manat azalması hesabına olub. Aparılan təhlillər əsasında 2022-ci ildə cari xərclərin qeyri- neft/qaz gəlirləri ilə təmin olunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz bəndi artdığını göstərir. Belə ki, qeyri-neft gəlirləri 15,4 milyard manat olmaqla cari xərclərin 86,5 %-ni təşkil edib. Qeyd olunan artım dinamikası qeyri neft-qaz gəliri/müdafiə olunan xərc nisbəti üzrə də qeydə alınıb, müdafiə olunan xərclərin təmin olunma səviyyəsi əvvəlki ilə müqayisədə 12,1 faiz bəndi artaraq 119,8 % olub.
Fiskal sahəni tənzimləyən qanunvericiliyin tələbləri əsas götürülməklə hesabat ilində də eyni gəlirin iki dəfə tanınması ilə büdcənin gəlir parametri artırılıb. Belə ki, əvvəlki illərdə gəlir kimi tanınmış təqribən 500 milyon manat hesabat ilinin büdcəsində yenidən gəlir kimi əks etdirilib. Dövlət maliyyəsi ilə bağlı qabaqcıl təcrübədə aidiyyəti məbləğlərin gəlir kimi tanınmasına yol verilmir. Belə ki, Dövlət Maliyyə Statistika Təlimatına əsasən gəlir kimi yalnız xalis dəyər artımı nəzərə alınmalı, başqa sözlə bu ya aktivlərdə artım, ya da öhdəliklərdə azalma ilə nəticələnməlidir. Hesab edirik ki, “Büdcə sistemi haqqında” Qanunun 5.4-cü maddəsi və digər hüquqi aktların müvafiq tənzimlənmələrində dəyişiklik aparılmalıdır.
2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnozlaşdırılıb, icra isə 130,7 milyon manat olub. Proqnozun artıq icra edilməsinə baxmayaraq, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsi fonunda bu mədaxil mənbəyi üzrə daxilolma nəzərdə tutulmayıb və icra edilməyib.
Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik. Eyni zamanda, ödənilən və ödənilməli dividendlərin əldə olunan mənfəətə mütənasibliyini təmin etmək üçün reqlamentləşdirilmiş dividend siyasətinə ehtiyac olduğunu da bildirməliyəm”.