• 8 Dekabr 2024
logo
SOCAR-la BMT İnkişaf Proqramı perspektiv layihələri müzakirə edib

SOCAR-la BMT İnkişaf Proqramı perspektiv layihələri müzakirə edib

SOCAR ilə BMT İnkişaf Proqramı (UNDP) perspektiv layihələri müzakirə edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüşdə SOCAR ilə UNDP arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə olunub.
Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının ixtisar edilməsi sahəsində və ümumilikdə birgə ekoloji layihələr hər iki qurumun maraq dairəsindədir. Görüşdə SOCAR və UNDP tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi tamamladıqdan sonra bu və digər istiqamətlərdə, o cümlədən, neftlə çirklənmiş torpaq və suların təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşıllıqlar salınması, qaz borularının modernləşdirilməsi və sair üzrə layihələrin birgə işlənməsi perspektivləri müzakirə edilib.
2015-ci ilin iyulundan etibarən SOCAR və UNDP-nin Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” layihəsi icra olunur. Beş il müddətinə nəzərdə tutulmuş layihə Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir, SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləmək məqsədi daşıyır. Atmosferə karbon qazı tullantılarını minimuma endirən istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsi ilə həyata keçirilməkdədir.