• 25 Aprel 2025
logo
Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır

Ölkədə bahalaşma və yoxsulluq səviyyəsi artır

Çərşənbə axşamı günündən etibarən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır. Bu barədə Rusiyanın qida təhlükəsizliyinə nəzarət edən qurumu Rosselxoznadzor martin sonunda qərar verib.
Qurum 2023-cü il aprelin 5-dən etibarən “Ermənistandakı bütün müəssisələrdən Rusiyaya süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib”, - qurumun bəyanatında deyilir.
BBC yazır ki, Rosselxoznadzor-un saytında yerləşdirilkən məlumata görə, qurum bu ilin martın 20-24-də Ermənistandakı müəssisələrdə yoxlamalar aparıb və nəticələrdən razı qalmayıb. Məlumatda bildirib ki, Ermənistandakı müəssisələrdə İrandan olan xammaldan istifadə edilir ki, bu da Rusiyada qida təhlükəsizliyi standartlarına uyğun deyil.
Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin sözçüsü çərşənbə günü AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, İran xammalı istehlak üçün təhlükəsizdir. O, həmçinin bildirib ki, Rosselxoznadzor-un keçən həftə bəzi erməni süd firmalarında apardığı yoxlama zamanı “insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı problem” aşkar edilməyib.
Ermənistandan süd məhsullarının idxalının dayandırılması Rusiyadan bu ölkəyə miqrantların gəlməsi fonunda baş verir.
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ötən ilin fevralından etibarən, Ermənistana Rusiyadan 110 min nəfərin gəldiyini bildirib.
Nazirin sözlərinə görə, onların 60 mini milliyyətcə ermənidir, 50 mininin əksəriyyəti – ruslar, çox az sayda belarus və ukraynalılar olub.
“Alternativa” tədqiqat mərkəzinin rəhbəri, iqtisadçı professor Tatul Manaseryanın sözlərinə görə, qeyri-rəsmi araşdırmalara əsasən, Ermənistanda rusiyalı miqrantların sayı daha çoxdur.
“Bizim, necə deyərlər, ekspert hesablamalarımız Ermənistana gələn miqrantların sayının 300 min civarında olduğunu göstərir. Bəziləri Ermənistandan başqa ölkələrə, xüsusilə, ABŞ və Avropa istiqamətində tranzit ölkə kimi istifadə ediblər. Lakin onları da nəzərə alsaq, tamam başqa, daha böyük rəqəm alınar”, - professor Tatul Manaseryan BBC Azərbaycanca müxbiri ilə söhbətində deyib.
Rusiyadan gələn miqrantlar arasında informasiya texnologiyaları üzrə rusiyalı mütəxəssislərin olması ekspertlərin də diqqətini cəlb edib.
Professor Tatul Manaseryan “təşrif buyuran” informasiya texnologiyaları üzrə rusiyalı mütəxəssisləri “öz işlərini distant davam etdirməyə və tez iş tapmağa qadir olan” kadrlar kimi xarakterizə edib.
Hakimiyyət rusiyalı miqrantların iqtisadiyyata töhfəsinə böyük ümidlə baxır.
2021-ci illə müqayisədə son bir il ərzində Ermənistanda istehlak qiymətləri 8,6 faiz artıb, Ermənistan Milli Statistika Komitəsinin illik hesabatında göstərilir.
Hesabata əsasən, 2022-ci il yanvar-dekabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə, sənaye mallarının qiymət indeksi 2,6 faiz artıb.
Professor Manaseryanın sözlərinə görə, Ermənistana böyük sayda yüksək alıcılıq qabiliyyətli xaricilərin gəlişi istehlak tələbatının artmasına gətirərək, bahalaşmaya səbəb olur və nəticədə yoxsulluq səviyyəsi artır.
Dünya bankının 2022-ci ilin sonuna proqnozuna görə, yoxsulluq səviyyəsi 42 faizə, bəzi bölgələrdə isə (Məsələn Şirak vilayətində) bu göstərici 55-60 faiz təşkil edəcək, iqtisadçı ekspert deyir.