• 21 Oktyabr 2020
logo
Kənd Təsərrüfatı Nazirliyi gəmiricilərə qarşı mübarizə tədbirlərini artırıb

Kənd Təsərrüfatı Nazirliyi gəmiricilərə qarşı mübarizə tədbirlərini artırıb

Yer kürəsində iqlim şəraitinin dəyişməsi nəticəsində quraqlığın yaranması bitki və tərəvəzçiliyə o qədər də təsir etməyə bilər.

Bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib. Onun sözlərinə görə, artıq yağıntılar başlayır və bu da bitkiçilik sahəsində problem yaratmayacaq:

"Amma zərərverici və xəstəliklərin özünü biruzə verməsinə gətirib çıxara bilər. Fermerlər bununla bağlı kimyəvi maddələrdən istifadə etməlidir ki, tərəvəzçiliyə ziyan dəyməsin. Bu istiqamətdə suvarma sistemlərindən istifadə edilməklə quraqlığın qarşısı alına bilər. Tərəvəzçilik əsasən suvarma sistemi ilə inkişaf edir. Fermerlər bu tədbirləri görsələr, problem yaranmaz. Zərərvericilərə qarşı vaxtında tədbir görülərsə, suvarmadan istifadə olunarsa, tərəvəzçilik sahəsində problem olmayacaq".

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik elmi-tədqiqat institutunun direktoru Faiq Xudayev isə bildirib ki, taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün normal keçməsi və gecikmiş əkinlərin normal inkişafı üçün profilaktik tədbirlərin aparılması vacibdir.

O qeyd edib ki, gəmiricilərə qarşı mübarizə tədbirləri artırılıb. Xəstəlik və zərərvericilərin yayılmaması üçün dərmanlama işi aparılır.