• 27 İyul 2024
logo
Azərbaycanın yeni arxitektura quruculuğu beynəlxalq diqqət mərkəzindədir

Azərbaycanın yeni arxitektura quruculuğu beynəlxalq diqqət mərkəzindədir

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc İtaliyanın Avropa Evi – Ambrosetti Mərkəzinin baş icraçı direktoru Luka Miraqlia ilə görüşüb. Bu barədə “Xalq Cəbhəsi”nə STM-dən məlumat verilib. Geniş beynəlxalq əlaqələrə və nüfuza malik beyin mərkəzinin rəhbəri Luka Miraqlia ilk növbədə, ötən ilin noyabrında Bakıda, Azərbaycan Diplomatik Akademiyasında prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və artıq ənənəyə çevrilən, dünyanın tanınmış analtik institutları tərəfindən maraqla izlənilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakını məmnunluq hissi ilə xatırlayaraq, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada böyük dəyişikliklərin və yeni təhlükəsizlik sisteminin bəlirləyicisi kimi qəbul edilən ikinci Qarabağ müharibəsindən sonra baş verən regional və qlobal hadisələrə diqqət çəkib. Ölkə başçısının Çernobbio İqtisadi Forumunda iştirakının ikitərəfli münasibətlərə töhfəsindən danışan natiq, enerji sahəsində Azərbaycanın artan rolunun təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa qitəsində oynadığı əvəzsiz rolu xüsusi vurğulayıb.
Luka Mirqaqlia eyni zamanda, ikinci Qarabağ müharibəsində qələbədən sonra yeni regional iqtisadi-siyasi arxitekturanın müəyyələşməsində və qalıcı geosiyasi düzənin formalaşmasında Azərbaycanın liderlik rolundan bəhs edərək ölkəmizin artan çəkisinin Orta Dəhliz strategiyasının gerçəkləşməsində həlledici söz sahibinə çevrildiyinin inkaredilməz olduğunu söyləyib.
Zahid Oruc öz növbəsində, italiyalı həmkarına rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi mühüm işlərdən danışaraq, beynəlxalq əlaqələrin qurulmasının vacibliyini, xüsusilə Vətən müharibəsində parlaq Qələbədən sonra tədqiqat əsaslı idarəçiliyin və Data əsaslı qərarqəbuletmənin ölkəmizdə geniş yayıldığını, ona görə də müsbət beynəlxalq təcrübələri öyrənmək üçün analitik institutların qarşısında mühüm tələblər və çağırışlar durduğunu məmnuniyyət hissi ilə qeyd edib.
Birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq platformlarının yaradılması üçün razılıq ifadə olunub və qarşılıqlı səfərlər, birgə təlimlərə dair anlaşma əldə olunub.