• 28 Oktyabr 2020
logo
Sahibkarlar dövlət tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməlidir - Fərhad Qaraşov

Sahibkarlar dövlət tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməlidir - Fərhad Qaraşov

Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, onlara güzəştli kreditlər verilir, eyni zamanda digər lazımi dəstək göstərilir.

Bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görüldüyünü vurğulayan F.Qaraşov bildirib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyası da genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır ki, bu da sahibkarlığın davamlı inkişafı üçün möhkəm əsas yaradır:

“Möhrətəm cənab Prezidentin Azərbaycan iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı üçün göstərdiyi qayğı, imzaladığı sərəncamlar, bölgələrdə keçirdiyi regional müşavirələr, iqtisadiyyatın inkişafı üçün atdığı bütün addımlar biz sahibkarlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. Kənd təsərrüfatında Aqrar Subsidiya Şurasının yaradılması meyvəçilik, bitkiçilik sahələrinə verilən subsidiyaların kəskin artmasına böyük töhvə verib. Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatına verilən subsidiyaların məbləğinə görə dünyanın aparıcı ölkələri ilə müqayisədə Azərbaycan ön sıralarda yer alır”.

F.Qaraşov bildirib ki, sahibkarlar dövlət tərəfindən onlar üçün yaradılan şəraitdən düzgün istifadə etməli, vergidən yayınmamalı, kölgə iqtisadiyyatından kənar durmalıdırlar:

“Sahibkarların, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların vergidən azad olunmalarını nəzərə alaraq onların kölgə iqtisadiyyatından kənar durmalarını tövsiyyə edərdim. Əmək qanunvericiliyinə uyğun olaraq həm muzdlu, həm də daimi işçilərlə əmək müqavilələrinin bağlanması, heç bir qanun pozuntusuna yol verməmək büdcəyə əlavə vəsaitlərin daxil olmasına gətirib cıxaracaq ki, bu da dövlətin sahibkarlara güzəştləri artırmasına şərait yaradacaq.

Əsas məqsədimiz istehsal etdiyimiz məhsulların dünya standarlarına cavab verməsini təmin etməklə, xüsusi dada malik meyvə və tərəvəzlərimizi “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxartmaq olmalıdır.

Dövlət başçımızın maliyyə ilə bağlı banklara tapşırığı bölgələrdə kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlər üçün mühüm əhəmiyyət kəsb edir. Kredit fazilərinin aşağı salınması, istehlak kreditlərinin azadılması, biznes kreditlərinin artırılması, bankların ancaq Bakı şəhərindən girov istəməsi kimi məsələlərin həll olunması iqtisadiyyatımızın xüsusilə kənd təsərrüfatı sahəsinin sürətlə inkişafına şərait yaradacaq”.