• 26 Oktyabr 2021
logo
Avrokomissar: Aİ və Azərbaycan yeni sazişin ticari hissəsi üzrə danışıqlarda mühüm irəliləyişə nail olub

Avrokomissar: Aİ və Azərbaycan yeni sazişin ticari hissəsi üzrə danışıqlarda mühüm irəliləyişə nail olub

Avropa İttifaqı (Aİ) və Azərbaycan yeni tərəfdaşlıq sazişinin ticari hissəsi üzrə danışıqlarda mühüm irəliləyişə nail olub.

Bunu Aİ-nın ticarət üzrə komissarı Fil Hoqan deyib.

O xatırladıb ki, Aİ ilə Azərbaycan arasında ticarət münasibətləri 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi əsasında qurulub:

“Aİ və Azərbaycan yeni hərtərəfli sazişlə bağlı danışıqlara 2017-ci ilin fevralında başlayıb. Danışıqlar, həmçinin tərəflər arasında ticarət əməkdaşlığının genişlənməsi üzrə məsələləri əhatə edir. Ticari məsələlər üzrə danışıqların yeddi mərhələsindən sonra tərəflər ticarət və dayanıqlı inkişaf, enerji və xammal materialları üzrə bölmələrdə mühüm irəliləyişə nail olub. Məqsəd Aİ ilə rəsmi Bakı arasında ticarət münasibətlərinin genişlənməsi və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına gələcək üzvlüyünün dəstəklənməsidir”.

F.Hoqan qeyd edib ki, Aİ-na üzv dövlətlər İttifaq xaricindəki ölkələrdə ticarətin stimullaşdırılması üçün məsuliyyət daşıyır:

“Komissiya olaraq biz idxalatçı və ixracatçılara vasitələr təqdim edirik ki, onlara ticarəti həyata keçirmək asan olsun. Bu, Aİ xaricindəki ixracatçılar üçün Ticarətin Dəstəklənməsi Xidməti və Aİ-dan üçüncü ölkələrə ixracatçılar üçün Bazara Çıxış Məlumat Bazasıdır”.