• 5 Dekabr 2022
logo
Hökumət nağdsız əməliyyatları və plastik kartlara keçidi stimullaşdırır

Hökumət nağdsız əməliyyatları və plastik kartlara keçidi stimullaşdırır

Azərbaycanda 2023-cü ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur. Hazırda Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10 faiz, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15 faizini geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar. Yəni söhbət nağd ödənişlərə görə geri qaytarılan məbləğin 5 faiz azaldılması, nağdsız əməliyyatlara görə isə vəsaiti 2,5 faiz artırılmasından gedir. Məqsəd nağdsız əməliyyatları və plastik kartlardan istifadəni daha da stimullaşdırmaqdır.
Əslində bu sahədə müsbət meyillər müşahidə olunur. Belə ki, "ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bunlarla yanaşı Azərbaycanda nağdsız ödənişlərə və bank kartlarına maraq artıb. Belə ki, Mərkəzi Bankın məlumatlarına görə, bu il avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 12 milyon 609 min ədəd təşkil edib. 1 ildə bu göstərici 22,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,4 faiz, kredit kartları üzrə 26,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Bu isə insanların bank kartlarından istifadəyə marağının artmasından xəbər verir.
Müəştərilər kartların imkanlarından daha çox yararlanmağa başlayıblar. Əslində iqtisadiyyata böyük ziyan vuran pandemiya Azərbaycanda nağdsız ödənişlərin artımını və bank kartlarından istifadəni stimullaşdırmış oldu. Buna həm insanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi, stimullaşdırması şərait yaratdı.
Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır. Ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur.
Bu üstünlüklərin nəticəsdir ki, Azərbaycanda nağdsız ödənişlər artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb.
2021-ci ildə Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş edilib ki, 2020-ci illə müqayisədə 29% çoxdur. Mərkəzi Bankın “Rəqəmsal Ödənişlər İcmalı”na əsasən, ötənilki ödənişlərin 11,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə əvvəlki ilə nisbətən 79,6% çoxdur. İl ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 9,1 faiz bəndi artaraq 31,8%-ə çatıb. Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 57,5% artaraq 110 milyon ədəd, ümumi məbləği isə 81% artaraq 7,5 milyard manat olub.
2021-ci ildə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci illə müqayisədə 2,2 dəfə artaraq 105 milyon ədəd, ümumi məbləği isə 80% artaraq 3,9 milyard manat təşkil edib. Ötən il POS-terminallarla aparılan təmassız ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,8 dəfə artaraq 71,8 milyon ədəd, ümumi məbləği isə 5,2 dəfə artaraq 2,6 milyard manat olub.
Bunlarla yanaşı, "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" tam icra edilməyib. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir. Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb.
Bu sahədə bank sektoru hələ çox işlər görməlidir, ən azından əhalinin banklara inamı artırılmalıdır. Bankların qazanc əldə etmək maraqları başa düşüləndir, ancaq bu, yüksək xidmətlər, etibarlı tərəfdaşlıq və etimad mühiti, müştəri məmnuniyyəti hesabına olmalıdr. Xüsusilə də nəğdsiz hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli və minimuma endirilməlidir. Hər halda növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulur. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza inkişaf etdirilməli, MB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramları həyata keçirməlidir.
Müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq göstəriciləri üzrə də müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ilin 11 ayı ərzində internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 60.5% və 3.8 dəfə yüksəlib. Elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən istismara verilmiş “Rəqəmsal İdentifikasiya Sistemi”nin (RİS) əhatə dairəsi genişlənməkdədir. 01.12.2021-ci il tarixinə 20 bank RİS platformasına inteqrasiya olunmuş, sistem vasitəsilə hüquqi və fiziki şəxslərə 1600-dan artıq bank hesabı məsafədən açılmış, 280 ödəniş kartı əldə edilmişdir. Hesabat dövrü ərzində ölkənin maliyyə sisteminin ISO20022 standartına keçidi üzrə hazırlanıb, Tədbirlər Planına uyğun olaraq işlərin icrası həyata keçirilibr. Standartın tətbiqi ödəniş sistemləri iştirakçıları arasında mübadilə üzrə vahid məlumat formatlarının yaradılmasına, əməliyyatlarda risklərin minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan resursların azaldılmasına imkan verəcək.
Azərbaycan Mərkəzi Bankı dünyada Mərkəzi Bankın Rəqəmsal Valyutası (MBRV) ilə bağlı aparılan araşdırmaları və bu istiqamətdə realizasiya edilən layihələri diqqətlə izlənir. MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi məqsədilə bəzi xarici ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi də qurulub. Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkənin istənilən ərazisində əhali və biznesin ucuz və əlverişli maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaq və rəqəmsal ödəniş xidmətlərindən istifadəni genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” hazırlanmış və Strategiya üzrə nəzərdə tutulan tədbirlərin icrasına başlanılmışdır.Müsbət haldır ki, ölkədə elektron bankçılıq xidmətləri üzrə göstəricilərdə də irəliləyişlər davam edir, Ani Ödənişlər Sisteminin əhatə dairəsi genişlənir.
Mahir Həmzəoğlu