• 29 Mart 2024
logo
Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçının bu yoldan istifadə etməsinə nail olub.

ADY Express-dən verilən məlumata görə, ADY Express Rusiyanın “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb.

ADY Express şirkətinin təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 km məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb.

Yükün ümumi çəkisi 2053 tondur. Bu "Evraz" şirkətinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. "Evraz" bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsi ilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.

Qeyd edək ki, "Evraz" dünyanın ən iri mettalurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.

Onu da bildirək ki, bu partiya ADY Express-in operatorluğu ilə Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə, Türkiyəyə göndərilən ilk dəmir məhsulları deyil. Şirkət artıq ötən ildən başlayaraq Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) yüklərini Türkiyəyə nəql edir. Hazırda hər ay 20 min ton MMK-ya məxsus polad məhsulları Türkiyəyə daşınır. Bu rəqəmin də, yaxın bir neçə ayda, 30-40 min tona çatdırılması planlaşdırılır. Toplam, ADY Express-ni ancaq 2 bu müştərisinin, ayda 70 min ton yükü BTQ vasitəsi ilə nəql ediləcək.