• 13 İyul 2020
logo
2030-cu ilədək Azərbaycanda karbohidrogen tullantıları əhəmiyyətli dərəcədə azalacaq

2030-cu ilədək Azərbaycanda karbohidrogen tullantıları əhəmiyyətli dərəcədə azalacaq

Azərbaycanda su ehtiyatları daxil olmaqla bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 17 faiz təşkil edir. 2030-cu ilədək bu göstəricinin 30 faizədək yüksəldilməsi planlaşdırılır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun Ətraf mühitin radiasiya kimyası laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru Müslüm Qurbanov deyib.

Onun sözlərinə görə, gözlənilən bu artım enerji təhlükəsizliyinin möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizdə karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq.

Alim əlavə edib ki, Azərbaycanda energetika, sənaye, kənd təsərrüfatı və meşə təsərüfatının inkişafı haqqında qəbul edilmiş bütün proqramlarda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması bir vəzifə kimi qarşıya qoyulur. Bu sahədə görülən işlər enerji istehsalı və istehlakında enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı, tullantıların səmərəli istifadəsi və idarə olunması, meşə sahələrinin və yaşıllıqların artırılması məsələlərini əhatə edir.

M.Qurbanov deyib ki, 2018-ci ildə elektrik enerjisinin istehsalı üçün şərti yanacaq sərfiyyatı 2009-cu illə müqayisədə saatda 50,2 qram/kilovatt azalaraq 279,8 qram/kilovatt təşkil edib. 2018-ci ildə elektrik enerjisi üzrə ümumi itkilər 2009-cu illə müqayisədə 41,6 faiz azalaraq 10,5 faiz təşkil edib. Onun sözlərinə əsasən, daha bir irəliləyiş səmt qazının yandırılmasının məhdudlaşdırılması ilə əlaqədardır. Əgər 2012-ci ildə yandırılma 912,9 milyon kubmetr təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 218 milyon kubmetrədək azalıb.

Mütəxəssis görülən işlər nəticəsində karbon qazı tullantılarının həcminin 1990-cı ilə nisbətən 2018-ci ildə sənaye sektorunda 73, tikinti sektorunda 8, nəqliyyat sektorunda 5, digər sektorlarda isə 59 faiz olduğunu qeyd edib:

"Avropa Komissiyasının hesabatına əsasən, 2018-ci ildə Azərbaycanda havaya buraxılan karbon dioksid miqdarı 34.704 milyon ton, adambaşına düşən həcmin 3.5 ton olduğu müəyyən edilib. Bu göstərici digər ölkələrə - Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistana nisbətən xeyli aşağıdır. Nəqliyyat sektorunda aparılan işlər nəticəsində ekoloji durumun daha da yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində, Avro-4 standartının tətbiqi (2021-ci ildən Avro-5 tətbiq ediləcək), avtobus və taksi xidmətində elektromobillərin həcminin artırılması enerji sektorunun ekologiyaya vurduğu zərərin azaldılmasının qarşısını almağa yönəlib. Neft sektorunda havaya buraxılan metan qazının tutulması və istifadəsi sahəsində işlər səmərəli surətdə davam edir. SOCAR-ın BMT-nin inkişaf proqramı ilə həyata keçirdiyi NAMA layihəsi çərçivəsində SOCAR-a aid binalarda və nəqliyyat vasitələrində enerji səmərəliliyinin yüksəldilməsinə dair işlər başa çatıb".

2020-ci ilin Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olacağına əminliyini bildirən M.Qurbanov qeyd edib ki, ölkəmizdə yeni yaşıllıqların salınması sahəsində İDEA təşkilatının təşəbbüsü ilə genişmiqyaslı işlər görülüb. Aparılan bütün bu işlər ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması yönəlməklə yanaşı, qlobal istiləşməyə qarşı fəaliyyətlərin səmərəliliyinin artırılması üçün BMT-nin çağırışlarına da tam uyğun gəlir.