• 29 Mart 2024
logo
İqtisadi proqnozlar və qeyri-neft sektorunda artım meyilləri

İqtisadi proqnozlar və qeyri-neft sektorunda artım meyilləri

Dünya Bankının yeni proqnozlarına əsasən 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 4,2 faiz səviyyəsində gözlənilir. Amma bankın əvvəlki hesabatlarında bu proqnoz 2,7 faiz idi.Eyni zamanda. Dünya Bankının proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,8%, 2024-cü ildə isə 2,6 faiz təşkil edəcək.
Bəs ölkəmizdə iqtisadi artım sahəsində faktiki vəziyyət necədir? 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 85 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb. ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manatdır.
Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlara və gözləntilərə uyğun olaraq pandemiyanın səngiməsi ilə iqtisadi artım meyilləri qeydə alınmağa başlayıb. Beynəlxalq Valyuta Fondunun və hökumətin öz proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 4-5% aralığında iqtisadi artım gözlənilir. Asiya İnkişaf Bankı isə 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq. Azərbaycan da daxil omaqla bir çox ölkələrdə iqtisadi artım qeydə alınır ki, bu da nikbin olmağa əsas verir.
Bu ilə əvvəlindən də qeyri-neft-qaz sektoruna sərmayələrin artımı da müşahirə edilir. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9,117 milyard manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5,3 milyard manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3,3 milyard manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6,643 milyard manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Azərbaycan iqtisadiyyatının qeyr-neft sahəsində özəl sektorun investisiyalarına böyük ehtiyacı var. Bu baxımdan ölkəyə xarici sərmayələrin cəlb olunması vacib amildir. İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, müasir infrastrukturun yaradılması sahəsində əsas sərmayəçi dövlətdir. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil etmişdir.
Bu amilləri nəzərə alsaq, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var.
Azərbaycanda son illər neft hasilatı azalsa da, əvəzində qaz istehsalının artması, qeyri-neft sektorundakı artım meyilləri, həyata keçirilmiş islahatlar, özəl sektorun inkişafı, dünya bazarında neftin qiymətlərinin ölkəmiz üçün əlverişli olması iqtisadi artm göstəricilərinin qeydə alınmasına şərait yaradır. Xüsusən də qeyri-neft sektorunda ixrac göstəriciləri yaxşılaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 19% artıb. 2022-ci ilin yanvar - avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-i təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6%-lik paya malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Habelə, sözügedən sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (142,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində Rusiyaya 527,6 milyon ABŞ dolları, Türkiyəyə 491,1 milyon ABŞ dolları, Gürcüstana 126,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 117,7 milyon ABŞ dolları və ABŞ-a isə 60,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. 2022-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2022-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 17,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Əslində Azərbaycanda qeyri-neft sektoru daha böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Bununla yanaşı, Qarabağda yerli iqtisadiyyatın dirçəldilməsi də gələcəkdə qeyr-neft sektorunun, yerli istehsalın və ölkəmizin ixrac potensilaının artırılmasına imkan verəcək.
Mahir Həmzəoğlu