• 19 Mart 2024
logo
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökumətə təqdim edilib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin sınağının aparılması və dövlət qeydiyyatına alınması ilə bağlı 526 preparatın qeydiyyatı ilə bağlı şəhadətnamə verilib.

Agentlik sədrinin sözlərinə görə, pestisid və aqrokimyəvi maddələrin idxalı və saxlanması ilə bağlı lisenziyanın alınması üçün anbarlara baxış keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən 89 müraciət edilib, onlardan 42 anbara müsbət rəy, 47 anbara isə tələblərə uyğun gəlmədiyi üçün imtina verilib. Respublika ərazisinə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizəsi vasitələrinin idxalı üçün Agentliyə 1801 müraciət daxil olub, onlardan 6-na (ölkədə qeydiyyatda olmayan preparatların idxalı üzrə) imtina verilib. Bir çox ölkədə bitki mühafizəsi sahəsində istifadə edilən preparatların istifadəsinə dair məlumatlar araşdırılıb. Azərbaycanda istifadəsinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin və yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı yenidən hazırlanıb:

"Respublika ərazisində istifadəyə yararsız, istifadəsi qadağan olunmuş pestisid qalıqlarının yerləri və onlara dair məlumatlar araşdırılıb, riskləri qiymətləndirilib. Pestisidlərlə çirklənmiş ərazilərin sərhədlərinin və kütləsinin daha dəqiq müəyyənləşdirilməsi, həmin ərazilərdəki pestisidlərin zərərsizləşdirilməsi və torpaqların təmizlənməsi məqsədilə təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Samux rayonunun 5000 ha ərazisində aparılan fitosanitar müşahidələr nəticəsində 3060 ha ərazidə müxtəlif növ çəyirtkələrin kütləvi yayılması aşkarlanıb. Çəyirtkələrlə mübarizə məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə apardığı mübarizə tədbirləri nəticəsində çəyirtkələrin yayılma arealı və sıxlığı əhəmiyyətli dərəcədə azalıb, əkin sahələrinə dəyəcək zərərin qarşısı alınıb".