• 23 Aprel 2024
logo
Bank kartlarına artan maraq və qanunsuz pul köçürmələri ilə mübarizə

Bank kartlarına artan maraq və qanunsuz pul köçürmələri ilə mübarizə

Azərbaycanda nağdsız ödənişlərə və bank kartlarına maraq artıb. Belə ki, Mərkəzi Bankın məlumatlarına görə, bu il avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib. Son 1 ildə bu göstərici 22,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,4 faiz, kredit kartları üzrə 26,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Bu isə insanların bank kartlarından istifadəyə marağının artmasından xəbər verir. Müəştərilər kartların imkanlarını dəyərləndirməyə başlayıblar.
Əslində iqtisadiyyata böyük ziyan vuran pandemiya bəzi sektorların inkişafını stimullaşdırmış oldu. “Hər ziyanda bir xeyir də var” məsəli burda lap yerinə düşür. Onlardan biri də nağdsız ödənişlər, bank hesablaşmaları, plastik bank kartlarıdır. Buna həm insanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi, stimullaşdırmasıdır. Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10 faiz, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15 faizini geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar.
Hətta hökumət ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması barədə düşünür. Belə ki, artıq ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib. Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. O qeyd edib ki, qanun layihəsində ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qaydalar müəyyən edilib. Məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.
Qeyd edək ki, "ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
2021-ci ildə Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş edilib ki, 2020-ci illə müqayisədə 29% çoxdur. Mərkəzi Bankın “Rəqəmsal Ödənişlər İcmalı”na əsasən, ötənilki ödənişlərin 11,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə əvvəlki ilə nisbətən 79,6% çoxdur. İl ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 9,1 faiz bəndi artaraq 31,8%-ə çatıb. Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 57,5% artaraq 110 milyon ədəd, ümumi məbləği isə 81% artaraq 7,5 milyard manat olub.
2021-ci ildə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci illə müqayisədə 2,2 dəfə artaraq 105 milyon ədəd, ümumi məbləği isə 80% artaraq 3,9 milyard manat təşkil edib. Ötən il POS-terminallarla aparılan təmassız ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,8 dəfə artaraq 71,8 milyon ədəd, ümumi məbləği isə 5,2 dəfə artaraq 2,6 milyard manat olub.
Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır. Ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur.
Bu üstünlüklərin nəticəsdir ki, Azərbaycanda nağdsız ödənişlər artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb.
Bunlarla yanaşı, "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" tam icra edilməyib. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir. Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb.
Bunlarla yanaşı, bu sahədə bank sektoru hələ çox işlər görməlidir, ən azından əhalinin banklara inamı artırılmalıdır. Bankların qazanc əldə etmək maraqları başa düşüləndir, ancaq bu, yüksək xidmətlər, etibarlı tərəfdaşlıq və etimad mühiti, müştəri məmnuniyyəti hesabına olmalıdr. Xüsusilə də nəğdsiz hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli və minimuma endirilməlidir. Hər halda növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulur. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza inkişaf etdirilməli, MB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramları həyata keçirməlidir.
Bu arada qanunsuz pul köçürmələri ilə mübarizə də gücləndirilir. Belə ki, Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullan ilə əlli min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçülüməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusilə külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Məqsəd Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizəni gücləndirməkdir.
Son illər hüquq mühafizə orqanları tərəfindən gizli şəkildə qanunsuz pul köçürmələri ilə məşğul olan şəxslər müəyyən edilib. Onlar yaratdıqları şəbəkə vasitəsilə həm ölkəmizdə, həm də xarici dövlətlərdə fəaliyyət göstərərək müxtəlif üsullarla qanunsuz olaraq pul köçürülməsi fəaliyyətini təşkil edirlər. Nağd şəkildə, anonim, sürətli, aşağı xidmət haqqı tutulmaqla aparıldığından, hər hansı rəsmi qeydiyyat olmadığından, köçürülən pulun mənbəyini və təyinat nöqtəsini izləmək mümkün olmadığından belə qanunsuz pul köçürmələri genişlənir.
Qanunsuz pul köçürmələri ölkədən böyük məbləğdə valyuta sərvətlərinin nəzarətsiz şəkildə çıxarılmasına şərait yaratmaqla, ölkənin maliyyə-iqtisadi sabitliyinə zərbə vurmaqla yanaşı, kölgə iqtisadiyyatı və çirkli pulların yuyulması mexanizmlərinin genişlənməsinə səbəb olur.Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsində müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsinin xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1-ci maddədə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində də cinayət-hüquqi tədbirlərin tətbiq edüməsi təklif edilir.
Mahir Həmzəoğlu