• 26 Oktyabr 2021
logo
Azərbaycanda sosial rifah göstəriciləri MDB-də öndədir

Azərbaycanda sosial rifah göstəriciləri MDB-də öndədir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova Azərbaycanda 2019-cu ildə aparılan islahatları və Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə səslənən bəzi mühüm məqamları şərh edib.

Trend məqaləni təqdim edir:

İnsan kapitalı texnoloji inkişafın günü gündən sürətləndiyi bir dövrdə həm innovativ dünyanın, həm də iqtisadiyyatın əsas təkanverici qüvvəsi hesab oluna bilər. Sosial rifah içində yaşayan, tərəqqi edən və savadlanan əhali hər bir ölkənin inkişafı üçün əvəzedilməz resursdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin siyasi-iqtisadi mövqeyində də sosial məsələlər öndə yer alır. Xüsusilə ötən il aparılan bir sıra kütləvi sosial islahatlar da bunun bariz nümunəsidir.

Ötən il həyata keçirilən və 3.9 milyard manat maliyyə yükü ilə 4.2 milyon insanı əhatə edən sosial paket vətəndaşların maddi vəziyyətinin yaxşılaşması istiqamətində atılan önəmli tədbirdir. Sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir.

2019-cu il ərzində minimum əmək haqqı 2 dəfəyə qədər artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla minimum əmək haqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əmək haqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir. Əmək haqlarının artımı isə orta aylıq əmək haqqının artmasına gətirib çıxarıb. Alıcılıq qabiliyyəti paritetinə əsasən orta aylıq əmək haqqına görə Azərbaycan MDB-də 2-ci yerdədir. Müqayisə üçün Ermənistanın 9-cu yerdə olduğunu da qeyd etmək olar.

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən digər islahat tədbiri pensiyaların artırılması ilə əlaqədardır. Bu islahat 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı ilə Azərbaycanı MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 477 beynəlxalq dollarla 1-ci yerə yüksəltmiş oldu. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur. Orta pensiya göstəricisinə görə isə Azərbaycan MDB-də 2-ci Ermənistan isə 10-cu yerdədir.