• 26 Aprel 2024
logo
Bolqarıstan Azərbaycan qazını IGB ilə payızda qəbul etməyə başlayacaq

Bolqarıstan Azərbaycan qazını IGB ilə payızda qəbul etməyə başlayacaq

Bu gündən Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayır.
Bolqarıstan mətbuatının verdiyi məlumata görə, tam müqavilə həcmlərinin nəqli (ildə 1 mlrd. kubmetr) tikilən 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) ilə deyil, digər - Nea Mesimvria, müvəqqəti çatdırılma məntəqəsindən reallaşmalıdır.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilirdi, bu da nəqletmə həcmlərini məhdudlaşdırırdı.
ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georievanın sözlərinə görə, IGB bu ilin sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.
Məlumatda qeyd olunur ki, hazırda IGB əsas tikinti işləri bitib və kəmər sınaqda keçirilir.
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.