• 26 Noyabr 2020
logo
Xəzərdə su səviyyəsinin enməsinə görə adekvat layihə gerçəkləşdirilir

Xəzərdə su səviyyəsinin enməsinə görə adekvat layihə gerçəkləşdirilir

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi nəticəsində “Sumqayıt” Elektrik Stansiyası işini dayandırmaq təhlükəsi ilə üzləşib.

Buna səbəb 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin 1 metr 30 santimetr düşməsidir.

Bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq neçə müddətdir, elektrik stansiyası üçün suyun səviyyəsi kritik həddə çatıb:

“Daha 10 santimetr Xəzərin su səviyyəsi düşsəydi soyutma suyu götürülə bilməyəcəkdi və nəticədə Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti dayanacaqdı. Məhz buna görə də, “Azərenerji” ASC həmin yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurulmasına qərar verilib”.

T. Abdullayev qeyd edib ki, MDB məkanında ilk dəfə soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq:

“Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında bir neçə ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək. Qeyd edim ki, ötən ilin payızından başlayaraq bu günə qədər “Sumqayıt” Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlılığı artırılıb”.