• 3 Dekabr 2020
logo
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 3 filial fəaliyyətə başlayıb.

Agentlikdən verilən məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Mingəçevir, Gəncə və Quba filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Belə ki, Agentliyin Mingəçevir filialı Mingəçevir şəhərini, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını, Quba filialı isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Filiallara rəhbərlik edəcək şəxslər də artıq təyin olunublar. Mingəçevir filialının rəhbəri vəzifəsini Yaşar Qocayev, Gəncə və Quba filiallarının rəhbərləri vəzifələrini isə müvafiq olaraq Azər Dəmirov və İsa Məmmədov icra edirlər.

Agentliyi bölgələrdə təmsil etməklə yanaşı, filiallar müvafiq qanunvericiliyə uyğun olaraq vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması, cavablandırılması işini təşkil edəcəklər.

Filiallar əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbirlər görəcəklər və icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirmə işləri aparacaqlar. Həmçinin Agentliyə tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında dəstək olacaqlar. Habelə, filiallar tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.

Qeyd olunmalıdır ki, 2020-ci il ərzində Agentliyin daha 8 filialının fəaliyyətə başlaması nəzərdə tutulub. Sözügedən filiallar Şamaxı, Göyçay, Şəki, Şirvan, Şəmkir, Ağcabədi, Cəlilabad və Lənkəranda fəaliyyət göstərəcəklər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.