• 28 Noyabr 2020
logo
Bibiheybət yolunun açılacağı vaxt müəyyənləşib

Bibiheybət yolunun açılacağı vaxt müəyyənləşib

Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı 2 hərəkət zolağının istifadəyə verilməsi planlaşdırılır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bibiheybət yolunda Agentlik tərəfindən yamacın bərkidilməsi, bərpa işlərinin aparılması, mövcud yolun yenidən qurulub istismara verilməsi istiqamətində işlər davam etdirilir: “Buna paralel olaraq yamacda bərkitmə işləri, istinad divarlarının tikintisi üçün yamacın aşağı hissəsində 2 cərgə olmaqla svayların vurulması istiqamətində addımlarımız davam edir. Bundan sonra svayların üzərində 6 metr hündürlükdə istinad divarları inşa olunacaq. Yamacın orta hissəsində də 2 cərgə svayın vurulması nəzərdə tutulur ki, gələcəkdə bu kimi sürüşmə halları qeydə alınmasın. Onun da üzərində 4 m hündürlükdə istinad divarının inşası nəzərdə tutulub. Bundan başqa, səth, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur. Hazırda yeni drenaj xətləri atılır. İstinad divarlarının üzərində də eninə borular atılacaq ki, drenaj xəttinin kənarlaşdıra bilmədiyi qrunt suları ərazidən uzaqlaşdırılsın və yamacda ağırlaşma baş verməsin".

A.Nəcəfli qeyd edib ki, 2020-ci ilin I rübündə bu işlərin tam olaraq yekunlaşdırılması nəzərdə tutulur:

"Amma həmin yolla avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası Yeni il ərəfəsində həyata keçiriləcək”.