• 30 İyun 2022
logo
Prezident: “Biz TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik, çünki Azərbaycan qazına tələb artır”

Prezident: “Biz TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik, çünki Azərbaycan qazına tələb artır”

Biz yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparırıq.
Bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Mən aktiv əməkdaşlığa görə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələri olan Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Yeni çağırışların və yeni tələblərin olduğunu nəzərə alaraq əlbəttə, biz artıq digər potensial istehlakçılarla müzakirələr aparırıq. Amma bunun üçün əlbəttə ki, sadəcə bizim səylərimiz kifayət etməyəcək. Avropada infrastruktura, yeni interkonnekterlərin tikilməsinə investisiya yatırılmalıdır və əlbəttə, şərtlərlə bağlı razılaşma olmalıdır”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, prosesin sürətləndirilməsi üçün mümkün hər şey ediləcək və bu artıq başlayıb.
Prezident İlham Əliyev Azərbaycanın böyük enerji layihələrinə verdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə də təşəkkürünü bildirib: “Mən həmçinin, bizim enerji siyasətimiz və performansımıza hər zaman böyük dəstək göstərmiş ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkür etmək istərdim. Onların böyük dəstəkləri ilə biz bu nəticələrə nail olmuşuq”.
Azərbaycanı Prezident Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində beynəlxalq maliyyə təşkilatlarının da önəmli rol oynadığını vurğulayıb.
“Biz TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik. Çünki artıq dediyim kimi, Azərbaycan qazına tələb artır. Potensial buradadır. Siyasi iradə buradadır. Ona görə də biz vaxt itirməməliyik”, - Prezident İlham Əliyev əlavə edib.